İsmayıllı rayonunda qeydə alınan ardıcıl zəlzələlər Lahıc, Basqal, Təzəkənd, Namazgah, Əhən, Diyallı, Tircan, eləcə də İsmayıllının şimal-şərqindəki dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində daha çox hiss edilib.
Hadisə həmin ərazilərdə əhalinin təşvişinə səbəb olub. Sarsıntı gecə saatlarında baş verdiyindən sakinlərin əksəriyyəti yatmış olsa da, yer silkələnməsindən təşvişə düşərək evlərindən çıxan, həkimə müraciət edənlər var.
Tircan və Diyallı kəndlərində bəzi evlərdə kiçik çatlar əmələ gəldiyi bildirilir. Torpaq sürüşməsinin aktiv olduğu bu kəndlərdə zəlzələnin fəsadları daha çox hiss olunub, sürüşmə zamanı bəzi tikililərdə mövcud çatlar böyüyüb.
Diyallı kəndində 7 mənzilə ziyan dəyib. Kənd sakinləri Sərvər Qinyətov, Bayram Abullayev və İlham Abdullayev bildiriblər ki, onlara məxsus evlərdə böyük çatlar əmələ gəlib və hazırda ərazidə torpaq sürüşməsi aktivdir.
Tircan kəndində mənzillərin dağılmaq təhlükəli olmasa da, divarlarda çatlar əmələ gəlib.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev APA-ya bildirib ki, bir sıra kəndlərdə evlərdə və yardımçı tikililərdə, hasarlarda xırda çatlar əmələ gəlib, dağıntı və tələfat yoxdur. O, hazırda sakinlərin müraciətlərinin qəbul edildiyini və komissiya tərəfindən araşdırma aparılacağını bildirib: “Torpaq sürüşməsinin aktiv olduğu kəndlərdəki bəzi evlərin divarlarında əvvəllər də çatlar əmələ gəlmişdi. Bugünkü hadisədən sonra mənzillərdə yaranan fəsadları da araşdıracağıq”.
Qeyd edək ki, dekabrın 13-də gecə saat 4:32 və 4:33-də Pirquludan 13 və 15 kilometr şimal-qərbdə İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 4.5 olan və 9 kilometr dərinlikdə baş verən yeraltı təkanlar episentrdə 4 bal, yaxın İsmayıllının yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?