“Kürdəxanı təcridxanasında Rüfətə qarşı psixoloji və mənəvi təzyiqlər indi də cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsində davam edir”. Bunu yanvarın 10-u hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, müəssisənin zabitlərindən biri R.Səfərovun şəxsiyyətini alçaldan hərəkətlərə yol verib. “Onlar Rüfətə qarşı qanunsuzluğun ictimailəşdiriləcəyini bildikləri üçün əvvəlcədən oğlumu daxili müəssisənin nizam-intizam qaydalarını pozmaqda təqsirli bilərək, ona töhmət elan ediblər”.
E.Sabiroğlu deyir ki, problem bununla bitmir. Onun bildirməsinə görə, Rüfət Səfərova qarşı psixoloji-mənəvi təzyiqlər davam edir. “Rüfətlə bir kameraya epilepsiya xəstəsi olan bir adamı salıblar, gecələr yatmır. Qışqırır, hay-küy salır, onun yatmasına imkan vermir”, o, deyib. Eldar Sabiroğlu artıq ailəvi olaraq bu ölkədə yaşayıb-yaşamamaq sualı ilə üzbəüz qaldıqlarını da qeyd edib. E.Sabiroğlunun açıqlamasına Penitensiar Xidmətdən cavab almaq mümkün olmayıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin telefonları cavab verməyib.
Xatırlatma
R.Səfərov 2015-ci il dekabrın 20-nə kimi Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub. Dekabrın 20-də hüquq-mühafizə orqanlarında qanunsuzluqların baş verdiyini bildirərək bəyanatla bu sistemdən çıxıb. Bundan sonra, rüşvət almaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Kürdəxanı təcridxanasında saxlandığı vaxtlarda R.Səfərovun yanına 25 il həbs həyatı yaşamış bir şəxsin salındığı bildirilirdi. Bundan sonra atası, vəkili və Müdafiə Komitəsi Penitensiar Xidmətə müraciət edərək onun yerinin dəyişməsini istədi. Rüfət Səfərov ötən həftə 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. R. Səfərovun atası Eldar Sabiroğlu özü vaxtilə YAP-dan deputat seçilib, uzun müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olub. O, bir gün əvvəl oğlunun qanunsuz həbs edilməsi ilə bağlı ölkə başçısına məktub göndərmişdi.
Sorğu
Yeni dizaynımız necədir?