İCRA HAKİMİYYƏTLƏRİ RÜŞVƏTSİZ HÜQUQ , GÜZƏŞT TANIMIR
Qanlı 20 Yanvar terrorundan 27 il keçir . Elə o günlərdən uzaqlaşdıqca məmurların “qan yaddaşı” da korlanır deyəsən . Qanunla 20 Yanvar əlillərinə , şəhidlərinə düşən güzəştlər ildən – ilə maliyyə qurumlarının , icra hakimiyyətlərinin rüşvət mənbəyinə çevrilir . Fikir verin , 20 Yanvar , Qarabağ əlillərinə Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı ilə ayrılan kommunal , nəqliyyat və s. güzəştlərin əvəzi aylıq müavinət – kompensasiyanı maliyyə qurumları necə yeyir ? Fərmanda və fərmanın icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin 02 yanvar 2002 tarixli 9 saylı qərarında 20 Yanvar , Qarabağ əlillərinə 26 manat aylıq müavinətin dövlət büdcəsindən Maliyyə Nazirliyinin (MN) ayırması təsbit olunsa da , MN Aparatının rəhbəri Namiq Süleymanov bu məbləğin ayrılıb – ayrılmaması haqqınd sorğumuza “bəzi kateqoriya şəxslərə müavinətin təyin olunmaması” cavabını verib . Axı , MN müavinət , pensiya təyin etmir , sadəcə ayrılan məbləği təyinatı üzrə müvafiq qurumların hesabına keçirir ! Aydındır ki , bu cavab məmur özbaşınalığından və müavinəti ödəməyə borclu olan DSMF – in keçmiş maliyyə idarəsinin keçmiş müdiri Məmməd Nuriyevin və hazırda ləğv olunan pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin ( bu məmur da vəzifəsindən qovulub ) MN – lə birlikdə mütəşəkkil müavinət – kompensasiya mənimsəmə faktından qaynaqlanır . Sosial mənimsəmə faktı göz önündə olsa da, nə prokurorluq , nə də məhkəmə bu fakta hüquqi qiyməti vermir, əksinə özləri də əlillərin cüzi kompensasiyasına ortaq olurlar . Maraqlı və məntiqli sual doğur : Bəs “Əlillərin sosial müdafiəsi haqqında “ qanun və bu qanunun 36 (“Əlillərə rabitə xidməti”) , 41 (“Əlillərə nəqliyyat xidməti”) , 42 (“Tibbi xidmət , dərman vasitələri ilə təminat”) , 43 (“Əlillərə mənzil – məişət xidməti”) maddələri, Prezidentin bu qanunun maddələrinin tətbiq olunması haqqında 26.12.2001 tarixli fərmanı niyə qəbul olunub ? İcra edilməməsi üçün , yoxsa , dələduz məmurların yeməsi üçün? Axı, Konstitusiyanın 149 – cu maddəsində yazılıb ki, qanunların icrası və tətbiqi hamıya, icra hakimiyyətlərinə, məhkəmələrə də məcburidir. Nə yazıq , məhkəmələr Konstitusiyaya yox , ciblərinə xidmət edir. Elə bu səbəbdən 20 Yanvar əlili Kifayət Qurbanova 26 manatlıq kommunal , nəqliyyat və s. xidmətlər üzrə güzəştlərin əvəzinə aylıq kompensasiyadan – müavinətdən məhrum edilib. Öncə yuxarıda adlarını çəkdiyimiz DSMF – in keçmiş əməkdaşları əlilin müavinətini yemələrini bu müavinətin əmək pensiyaçılarına verilməməsi ilə əsaslandırırdılarsa , kompensasiyanın sosial müavinət , yəni sosial pensiya olmadığını, həmin müavinət – kompensasiyanın həm əmək pensiyaçısı, həm də sosial müavinətçi, yəni sosial pensiyaçı 20 Yanvar, Qarabağ əlillərinə verilməli olmasını anladandan sonra başqa bəhanəyə əl atıblar. Guya həmin aylıq kompensasiya – müavinət pensiyanın ümumi məbləğinə daxil edilib . Əlilliyini gec aldığından 20 Yanvar əlili yalnız pensiyanın baza hissəsini (hazırda bu məbləğ 105 manatdır ) alırsa, bu ümumi məbləğə 26 manatın daxil edilmədiyi açıq – aşkar görünmür? Ədalət adına onu da vurğulayaq ki, DSMF rəhbərliyindəki dəyişiklikdən sonra qanunsuz kəsilən, verilməyən müavinətlərin bərpa olunmasına başlanılıb. 20 Yanvar əlili Kifayət Qurbanovanın Binəqədi rayonu, Xocahəsən bələdiyyəsindən öz pulu ilə aldığı torpaq sahəsində fərdi yaşayış evi tikməsinə də elə Binəqədi RİH qanunsuz sənədlər tələb etməklə mane olur. 3 ildir başçının 1-ci müavini hər 3 aydan bir 20 Yanvar əlilindən 3 nüsxədə müvafiq layihə və s. sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini tələb edib alır, amma hələ də əlilə öz evini tikməyə icazə vermir. Halbuki əlilin daxmasının böyür – başında əzəmətli villalar ucalır. 20 Yanvar əlilinə isə yardım etmək əvəzinə icazə, yəni rüşvət tələb edib, evini tikməyə də qoymurlar. ”Şəhərslma və Tikinti Məcəlləsinin” 79 və 80 maddələrində isə hündürlüyü 12 metrə qədər olan tikintilərə icazə tələb olunmadığı, tikintiyə nəzarətin FHN – in üzərinə düşdüyü yazılıb. Fikir verin , 3 ildir 20 Yanvar əlili qanunda nəzərdə tutulmayan sənədləri özü də onlarla təsdiq olunmuş nüsxələrini təqdim edir, amma hələ də evini tikməyə icazə verilmir! (??) Bu “tikinti qaydaları” digər icra hakimiyyətlərinin –Sabunçu, Suraxanı və s. RİH-lərin də başlıca rüşvət, korrupsiya qaydalarıdır . Budur 20 Yanvar, Qarabağ əlilinə dövlət qayğısı? Belə “qayğını” dırnaq içərisinə almaqdan başqa yol qalmır ...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?