Satıcılar firmaları günahlandırır, firmalar isə... Son günlər satış məntəqələrinin toyuq əti ilə təhcizatında azalmalar müşahidə edilir. “Gündəm Xəbər” bildirir ki, virtualaz.org-un reportyorlarının paytaxtın iri alış-veriş mərkəzlərində apardığı müşahidələrində göstərdiyinə görə, bəzi marketlərdə toyuq əti şöbələri boşalıb. Hətta “Araz”, “Neptun”, “Fresko” kimi iri ticarət mərkəzlərində belə həm xarici, həm də yerli toyuq məhsulları qıtdır. “Bu həftənin əvvəlində satış firmaları ilə problem yaranmışdı, indi satışda bütün firmaların məhsulları var”, - “Fresko” marketinin adını söyləmək istəməyən satıcısı deyib. Onun sözlərinə görə, yeni ildən sonra toyuq və ət məhsullarına təlabat azalıb. “Neptun” marketinin metronun “Xətai” stansiyasının yaxınlığında yerləşən şöbəsində açıq və qablaşdırılmış toyuqlar satışdadır, lakin satıcılar da əvvəlki kimi bolluq olmadığını etiraf edirlər. Yaxınlıqdakı digər marketlərdə də yeni ildən sonra toyuq təhcizatında problemlər yarandığını söyləyiblər. “Hazırda satışda dondurulmuş toyuq var, amma azdır. Bud, qanad və digər toyuq məhsulları isə son 3-4 gündür almamışıq. Yeni ildən sonra alver də yaxşı getmir”, - satıcı Namiq Əliyev bildirib. N.Əliyev toyuq ətinin bahalaşacağını istisna etmir: “Yəqin ki, toyuq əti bahalaşacaq, yeni ildən sonra 10-20 qəpik artım var”.
Hazırda toyuq ətinin qiyməti 3 manat 50 qəpik - 8 manat arasında dəyişir. Məsələn, Bərdə toyuqlarının kiloqramı 7 manat 80 qəpikdən satılır. Metronun “28 May” stansiyasının yaxınlığındakı topdansatış mərkəzlərində də dondurulmuş toyuq əti yoxdur. Yalnız açıq halda toyuq əti satılır. “Firmaların əksəriyyəti məhsul təhcizatını azaldıb. Bizə gətirilən toyuqlar isə günün birinci yarısında satılır. Baxın, dondurulmuş qanad, bud da az qalıb, günün sonunadək satılacaq. Ət baha olduğundan toyuq yaxşı satılır”, - topdansatış mağazasının Adil adlı satıcısı söyləyib. Onun sözlərinə görə, qıtlığın yalnız bir səbəbi ola bilər: “Yəqin ki, toyuq əti bahalaşacaq. Bu həftənin əvvəlində yağ, çay, qənd, şəkər bahalaşdı. Firmalar məhsulları anbarlarda saxlayıb, bahalaşmadan sonra paylayırlar. Yoxsa ki, hər il bayramdan sonra bolluq olurdu”. Satıcılar qıtlığı qiymət artımı ilə əlaqələndirirlər. İstehsal müəssisələri isə deyirlər ki, məhsul istehsalı azalmayıb, təhcizatda problemlər yoxdur.
“Siyəzən broyler”in satış üzrə əməkdaşı Xudu Abdıyev deyib ki, xaricdən toyuq əti gətirilməsinə qadağa qoyulduğundan mağazalarda satışa çıxarılan məhsul az ola bilər, amma yerli istehsal azalmayıb. “Əslində, yanvarda, yəni bayramdan sonra toyuq ətinə təlabat azalır. Buna baxmayaraq, müəssisəmiz istehsalı azaltmayıb. Hazırda satış mərkəzlərinə yetərli qədər toyuq verilir. Sadəcə olaraq, xaricdən toyuq ətinin gətirilməsinə qadağa qoyulub. Ola bilər ki, buna görə də, bolluq hiss olunmur”, -X.Abdıyev deyib. Onun sözlərinə görə, hazırda bahalaşma gözlənilmir. Lakin dolların məzənnəsinə uyğun qiymətlərə yenidən baxılması da istisna deyil: “Təbii ki, dollar bir qədər də qalxarsa, yenidən qiymətlərə baxıla bilər. Amma hələ ki, qiymətlər artırılmayıb”. Müsahibimizin sözlərinə görə, “Siyəzən broyler” xarici bazara məhsul çıxarmır. “Mərcan” toyuqlarının istehsalçısı “Garant Aqro” MMC-dən də məhsul istehsalının azaldılmadığını deyiblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə deyir ki, “quş qripi”nin qeydə alındığı bütün Avropa ölkələrindən, eləcə də Rusiya və İranın bəzi vilayətlərindən quş ətinin gətirilməsinə qadağa qoyulub. Hazırda Azərbaycana Türkiyə, Ukrayna, Brazilya və Amerikadan quş əti gətirilir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bildirib ki, broylerlər etiraf etməsələr də, istehsalın azaldığı göz önündədir. “Yerli şirkətlər quş əti istehsalını azaldıb. Bunu bilmək üçün ekspert olmaq lazım deyil. Hazırda toyuq əti istehsalı baha başa gəlir. Demək olar ki, istehsal müəssisələri ziyana işləyirlər”. V.Məhərrəmovun fikrincə, alıcılıq qabiliyyəti azaldığından, istehsal müəssisələri qiymətləri artıra bilmirlər. “Toyuq yeminə qatılan genetik materiallar, cücələr xaricdən gətirilir, nəticədə, istehsal xərcləri artır. Müəssisələr isə bahalaşmaya getməmək üçün istehsal xərclərini ixtisarlarla azaltmağa çalışırlar”. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə sualımıza belə cavab verib ki, ölkədə təlabatı ödəyəcək qədər toyuq əti istehsal olunur, anbarlarda məhsul var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?