Bir müddət əvvəl vergilər naziri Fazil Məmmədovun Kürdəmirdə vətəndaşları qəbul etməsinə hazırlıq zamanı skandal yaşanıb. Nazir Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşlarla görüş keçirib
Qəbul Kürdəmirdə yerləşən Heydər Əliyev adına Mərkəzdə nəzərdə tutulub. Görüşdən qabaq mərkəzdə hazırlıq işlərinə başlanıb və həngamə bundan sonra başlanıb.
Məlum olub ki, mərkəzin içərisindəki şərait, divarların rəngi, oturacaqların forması, hətta tualet şəraiti nazirin ürəyincə olmayıb. Nazirlik əməkdaşları ilə texniki işçilərin əl-ayağa düşdüyü və Heydər Əliyev adına Mərkəzdə kosmetik dəyişikliklərə başlamaq istədikləri iddia olunur.
Mənbənin qeydlərinə görə, nazirin Mərkəzdən xoşu gəlməməsi və dizaynda dəyişikliklər etdirmək istəməsi dərhal yuxarıların qulağına çatıb. Bu qalmaqal o dərəcədə böyüyüb ki, Kürdəmirdən Prezident Administrasiyasına məruzə olunub.
Qaynağımız skandalın böyüməsindən sonra vəziyyətin dəyişdiyini bildirib. Nazirin özfəaliyyəti barədə tədbir görülüb və Mərkəzlə bağlı dəyişiklik planı baş tutmayıb.
F.Məmmədov məsələnin yuxarılara çatdığını bildikdən sonra vətəndaşlarla qəbul ünvanını dəyişmək məcburiyyətində qalıb.
Görüş Kürdəmirdə İdman kompleksində baş tutub. Vergilər nazirinin planı alt-üst olub və sakit şəkildə rayonu tərk edib.
Nazir bu qalmaqalı ört-basdır etməyə çalışıb.
Yeri gəlmişkən, Fazil Məmmədov iqtidardakı yüksəlişi ilə böyük bir imperatorluq qura bilmişdi; ona Bakının Binəqədi rayonu, ölkənin Qərb bölgəsi (Gədəbəy, Şəmkir, Qazax) həvalə olunub, nazir də öz adamlarını yerlərdə yerləşdirib, quberniyasını böyüdüb, nə söz eşidir, nə şikayət bilir, Kərbəlayı İsmayıl kimi, özü də külli ixtiyarı verib yerlərdəki adamlarına, onlar da nə adam sayır, nə şikayətçi qəbul edir, nə mətbuatı vecinə alır.
Binəqədidə yanan bina, Xaləddin İsgəndərovun odiozluğu, Gədəbəydə Ramiz Yediyarovun sahibkarlara divan tutması, Şəmkirdə Alimpaşa Məmmədovun təkəbbürlü, yekəxana hərəkətləri, sonuncu - Qazaxda Rəcəb Babaşovun adının mediada parlaması bütün şimşəkləri vergi nazirinin üzərinə yönəltdi. Yəni, adamlarına sahib çıx!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?