Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs edilib.
Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da əsasən Bakı şəhərində yaşayıb, amma mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində qanunsuz dini fəaliyyətlə məşğul olub.
S.Heydərovun sözlərinə görə, S.Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib: “Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, o 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakültəsində təhsil alıb”.
Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı cümə məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib: “Bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?