Bakı İdarəetmə və Texnologiya Kollecinin işdən çıxarılmış bir neçə əməkdaşı ölkə başçısı İlham Əliyevdən tutmuş təhsil naziri, baş prokuror və DTX rəisinə qədər bir neçə ünvana eyni vaxtda şikayət edib. Şikayət ərizəsinin bir surəti də redaksiyamıza göndərilib. Şikayətçilər Kollecdə müəllim işləmiş AMEA-nın dokturantı Şakir Həmzəyev, laborant işləmiş Şəbnəm Məmmədova, təsərüfat işləri üzrə direktor müavini olmuş İlahə Əliyeva və istehsalat təcrübə rəhbəri olmuş Aynur Allahverdiyevadır.
Onlar yazır ki, üç aydır Kollecə direktor təyin edilən Varis Allahverdiyev ilk gündən 340 nəfərlik kollektivdə hamını işdən çıxarmaqla təhdid edib. Şikayətçilərin yazdığına görə, V.Allahverdiyev iki ay ərzində artıq 12 adamı (müxtəlif vəzifələrdə) işdən çıxarıb, 35 nəfərdən çox adama yazılı töhmət verib.
Şikayət müəllifləri V.Allahverdiyev barəsində “özünü direktor kimi deyil, orta əsr feodalı kimi aparır” deyə yazırlar. Onların iddiasına görə, direktor ondan şikayət edəcəyini deyənlərə “hara istəyirsən şikayət et” deyə cavab verir, İlham Əliyevlə bir yerdə oxuduğu, DTX rəisi Mədət Quliyrvlə bacanaq olduğu haqda danışır. Yəni, ölkə başçısının və DTX rəisinin adından istifadə edir.
Şikayətçilər qeyd edirlər ki, əllərində yeni direktorun vaxtında Kollecdə böyük məbləğdə maliyyə yeyintiləri olduğu haqda sübutlar var. Amma ərizədə həmin sübutların nədən ibarət olduğu açıqlanmır. Ümumi şəkildə yazılır ki, V.Allahverdiyev rüşvətə yol verir, kimlərisə rüşvət müqabilində işə düzəltmək üçün, Kollecdə işdən çıxarmalarla boş yerlər yaradır.
Şikayətçilər əmək hüquqlarının pozulduğunu bildirir və müraciət etdikləri ünvanlardan hüquqlarının bərpasını xahiş edirlər.
“Sizlərə müraciət edərək bildiririk ki, ailələrimizin maddi təminatı olan, qazanığımız pulu sanki özlərinin çibindən çıxarıb verirmiş kimi bizləri nökər, özlərini ağa sayanların qarşısında ölkənin sadə vətəndaşları tək qalmışiq. Sizlərdən xahişimiz budur ki, Varis Allahvediyev kimi insanların biz sadə vətəndaşları əzməsinə imkan verməyəsiniz”, – deyə ərizədə yazılır.
Şikayətçilər qeyd edirlər ki, bu məsələ ilə bağlı Prezident Administrasiyasına, Təhsil Nazirliyinə, Baş Prokurorluğa və başqa dövlət orqanlarına dəfələrlə müraciət etsələr də, hər hansı nəticə yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?