Şüvəlan Təcridxanasında saxlanılan bloqqer Mehman Hüseynovun saxlanma şəraiti ilə bağlı hər hansı narazılığı yoxdur.
gundemxeber.az bildirir ki, bu barədə onunla bu gün görüşən vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, Mehmanın əhvalı yüksəkdir: "Hətta zarafat-"prikollarından" qalmır. Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri də darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir”.
Elçin Sadıqov qeyd edib ki, Mehman təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirməyib: "Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır”.
Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.
Məsələ burasındadır ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı. Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu polisə böhtan atmada təqsirləndirərək, məhkəməyə vermişdi. Məhkəmənin hökmü ilə Mehman Hüeynov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?