7 mart Beynəlxalıq Qadınlar günü ilə bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) təşkilatçılığı və ölkənin tanınmış ictimai-siyasi qadın xadimlərinin iştirakı ilə partiyanın qərargahında “Sən kimsən, Azərbaycan qadını” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə bəyanat qəbul olunub. Dəyirmi Masanın bəyanatı.
XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə - istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Bəyan edirik ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı.
Onu da qeyd edək ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. 1992-ci ildə Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü olduqdan sonra isə bu təşkilatların hər birinin tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlaın hər biri ilə sıx əməkdaşlıq etməyə başlayıb.
Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 –ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulub. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. “Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Qadın zorakılığı haqqında” Qanunları, Ailə Məcəlləsinə edilən dəyişikləri misal çəkmək olar.
Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. “Məişət zorakılığı”, “gender bərabərsizliyi”, “qadınların ictimai-siyasi sferalarda az yer tutması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında da bu faktorlar öz əksini tapır. Məsələn, 2006-cı ildən gender bərabərsizliyi hesabatını hazırlayan Dünya İqtisadi Forumunun illik nəticələrinə görə, Azərbaycan 5 ildə bu istiqamətdə geriləyib. Belə ki, Azərbaycan sözügedən təşkilatın 2007-ci il hesabatında 59-cu yerdə idisə, 2008-ci ildə 61-ci, 2009-cu ildə 89-cu, 2010-cu ildə 100-cü yerə düşüb. 2011-ci ildə ilk dəfə olaraq 100-cü yerdən 91-ci yerə qalxıb. Problemlərin miqyası respublikada ərazilərə görə dəyişir. Şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadınların hüquqları daha çox pozulur.
Qeyd etməliyik ki, bu gün ölkədə fəaliyyət göstərən QHT-lərin əksəriyyəti qadın, gender problemləri üzrə fəaliyyət göstərir və onların da əksəriyyətinin başçısı qadındır. Onlar hər zaman qadınların öz hüquqlarını bilməsi, onların buna uyğun hərəkət etmələri üçün müxtəlif seminarlar təşkil edirlər.
Dünya İqtisadi Forumunun 2011-ci il hesabatına əsasən qanunvericilər, rəsmi vəzifəlilər arasında da qadınlar Azərbaycanda azdır. Azərbaycan 117-ci yerdədir.
Peşəkar və texniki işçilər arasında qadınların payı isə Azərbaycanda yüksəkdir.Azərbaycan dünyada 33-cü yerdədir.
Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri də ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Bildiyimiz kimi, menatlitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və bu da ölkənin hazırlanan statistik nəticələrində faktların kənarda qalmasına səbəb olur. Ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq olmalı, profilaktik (maarifləndirmə) işləri həyata keçirilməlidir. Müəllimlər, ziyalılar, qadın siyasətçilər qadın zorakılığı adlanan bu bəlanın aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilərlər.
Qadın hüquqları ilə bağlı danışarkən çox zaman modern dəyərlərə istinad olunur, müasir qanunlar göz önünə gətirilir. Ümumiyyətlə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bir sıra beynəlxalq konvensiyaların üzvidir. Lakin o konvensiyalarda qeyd olunanlar çox zaman ölkənin real həyatı ilə uyğun gəlmir. Bunlara uyğun hərəkət edəndə isə “milli mentalitet” məsələsi ortaya atılır. Hər coğrafiyanın özünəməxsus yaşam tərzi, qayda-qanunları var və həmin coğrafiyanın insanları məhz o yaşam tərzinə adaptasiya olub. Bir yerdə yaxşı görünən qayda, başqa yerdə gülünc qarşılana bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?