“Qloballaşma dalğasının geniş vüsət aldığı və dünyanı sürətli dəyişikliklərə məruz qaldığı bir vaxtda Novruz bayramı, tükənməz mənəvi gücü sayəsində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilib”. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqını ünvanladığı təbrikdə belə yazılır. Ölkə başçısı qeyd edir ki, Novruz ənənələrinin müqəddəs ərməğan kimi həmişə uca tutulması, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. “Yaz bayramı yeniləşdirici ruhu və ilıq nəfəsi ilə insanlar arasında səmimi münasibətlərə yol açır. Dostluq, mərhəmət və bərabərlik duyğularını gücləndirir. Cəmiyyətin inkişafının ahəngdarlığını təmin edir. Onda gələcəyə inam aşılamaq və könüllərdə ülvi duyğular oyandırıb xeyirxahlığa sövq etmək qüdrəti var. Ən yüksək dəyərləri özündə topladığından belə bir mənəviyyat xəzinəsi bəşəriyyətin mədəni irs nümunələri siyahısında yer alıb”. Ölkə başçısı Novruz bayramının hər evə, hər ocağa bol ruzi-bərəkət gətirməsini arzulayıb. Bu il Azərbaycana yaz martın 20-si saat 14:29-da gəlir. Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-ə kimi qeyri- iş günləridir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?