Məktəblərdə baş verən bu cür olaylarda valideynləri suçlayan, həmişə təhsilimizdə hər şeyin əliyül-əla olduğunu deyən, yetənə yetib, yetməyənə daş atan Bayram Hüseynzadə hələ də öz yerindədir
Sumqayıt şəhər 17 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyevin qanunsuz və insafsız əməli nəticəsində faciə baş verib. O, mayın 13-də səhər dərsə gecikən 20 nəfər şagirdi məktəbin stadionunda qaçaraq bir neçə dövrə vurmağa məcbur edib. Ürək çatışmazlığı problemi olan 11-ci sinif şagirdi Azad İlyasov bu cəzanı sonacan çəkə bilməyib və məmur özbaşınalığı nəticəsində dünyasını dəyişib. Bir vətəndaş və təhsil adamı olaraq, bu faciə hamı kimi məni də dərindən üzdü. Bu yaşda övlad itkisi ilə üzləşmiş ailənin acısına ortaq olmaqdan, onlara səbir diləməkdən başqa əlimizdən nə gəlir ki?! Açığını deyim, şəxsən mənə görə, bu faciə hansı yöndən baxırsan bax, gözlənilən idi. Çünki ötən il həmin məktəbdə 10-a yaxın şagirdin bir qoçu dərs hissə müdiri tərəfindən vəhşicəsinə döyülməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra görülən “tədbirlərin” nəticəsi belə də olmalı idi. Adam bir dəstə uşağı yazı taxtasının qarşısına düzüb vəhşicəsinə əzişdirir, əməli faş olanda isə öz ərizəsilə gülə-oynaya vəzifəsindən azad edilərək başqa işə keçirilir. Siz dünyanın harasındasa belə bir səhnədən sonra məktəb direktorunun kreslosunda qalacağını düşünürsünüzmü?! Açın interneti, baxın, qərbdə belə şeylərə görə “qoçuları” o dəqiqə qandallayıb dinməz-söyləməz həbsə atırlar. Bizdə isə... Əgər keçmiş nazir Misir Mərdanov həmin vaxt nəyə görəsə, “güzəştə” getməyib cinayət əməli törədilmiş o məktəbdə ciddi nizam-intizam tədbirləri görsəydi, heç şübhəsiz ki, Azad İlyasov indi sağ-salamat dərsinə gedirdi. Amma görmədi və Azad da indi həyatda yoxdur... Mətbuatın verdiyi məlumata görə, yeni təhsil naziri Mikayıl Cabbarov güzəştə getməyib. Bu faciəvi hadisədən dolayı, məktəbin rəhbərliyini işdən kənarlaşdırıb. Əcəb də edib, bu cinayətin bədəli ödənməlidir axı! Yoxsa, cəzasızlıq mühiti davam etdikcə yeni Azadların faciəsi, özünü pəncərədən atması, yaralanması xəbərini eşidəcəyik. Özünü pəncərədən atmaq dedim, Xətai rayonu 263 saylı məktəbin şagirdi 17 yaşlı Fidan Əlirzayevanın faciəsi yadıma düşdü. Yazılanlara görə qızcığaz məktəbdə tələb olunan 20 manatı imkansız anasından ala bilməyib. Müəllimi tərəfindən danlanmaqdan bezdiyinə görə, xalasının çantasına əl uzatmalı olub. Ailə tənbehinə tuş gəlib və özünə qəsd edib... Araşdırmalardan sonra belə çıxmışdı ki, guya onun özünü pəncərədən atmasının məktəbdə test pulu yığılması ilə heç bir əlaqəsi yox imiş. Babal yuya bilmərəm, bəlkə də yoxdur. Ancaq ortada olan “daşdan keçən bir fakt” bunun əksini düşünməyə əsas verir. Belə ki, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ANS-in “Açıq dərs” proqramına müsahibəsində böyük şəstlə test üçün hər şagirddən, doğrudan da iki manat yığıldığını bəyan edir və bu testlərin də ayda bir neçə dəfə (!) keçirildiyini bildirir. Amma nə ondan, nə də məktəbin direktoru Nəsimi Abbasovdan hələ də heç kəs soruşmur ki, 1300 şagirdin təhsil aldığı məktəbdə bu minvalla hər ay yığılan külli miqdarda pulu nə edirsiniz? Ümumiyyətlə, sizə kim haqq verib ki, məktəbdə pul yığırsınız? Yaxşı, tutaq ki, Fidanın ölümünün test pulu ilə əlaqəsi olmayıb. İndi nə edək, gözləyək ki, 263 saylı məktəbin şagirdlərindən kiminsə valideyni pul verməsin, müəllim də onu sinifdə danlayıb alçaltdıqdan sonra özünə xətər yetirsin? Qarşıda imtahanlar və son zəng tədbirləri var. Hamımız yaxşı bilirik ki, hər il bu ərəfədə məktəblərdə nələr baş verir. Belə hesab edirəm ki, heç kəs “seyid cəddinə arxayın olan kimi”, təzə nazirin xofuna arxayın olub deməməlidir ki, bu dəfə ondan çəkinib pul yığmayacaqlar. Açıq deyirəm, pul yığanların əksəriyyəti xofa baxan deyil. Ona görə də bu rəzalətin üstünə gedilməsə, yenə də pul yığanlar tapılcaq. Pul yığılacaqsa, faicəvi şagird olaylarının ortaya çıxması da qaçılmaz olacaq. Nə isə, hələ gec deyil!..
P.S. Məktəblərdə baş verən bu cür olaylarda valideynləri suçlayan, həmişə təhsilimizdə hər şeyin əliyül-əla olduğunu deyən, yetənə yetib, yetməyənə daş atan Bayram Hüseynzadə hələ də öz yerindədir. Özü də Təhsil Nazirliyi sistemində iki məsul vəzifə daşıyır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?