gundemxeber.az Son zamanlar Azərbaycanda təhsil müəssisələrində işləyənlər üçün əlverişli kreditlərin verilməsinə başlanılıb. Bu kreditlərin verilməsi ilə bağlı olaraq müəllimlər üçün nəzərdə tutulan şərtlər də sadələşdirilib. Belə banklardan biri də Unibankdır. Bankla bağlı apardığımız araşdırma da elə bununla bağlıdır. Bankın başlatdığı kampaniyaya görə müəllimlər üçün kreditlərin verilməsinə başlanılıb. Yüngülləşdirilmiş şərtlərə uyğun olaraq isə 3 min manatadək kredit almalı olan müəllimlər iş yerindən arayış və şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər. Kredit faizləri də aşağı deyil. Bankın reklam çarxlarında bildirilir ki, müəllimlər «kredit» sözünü 8117-ə yazmaqla heç bir filala getmədən kredit əldə edə bilərlər. Yəni bu prosses «müəllim kartı» adı altında həyata keçirilir. Amma reklamda ilk baxışdan göründüyü kimi mobil telefonu əlinə alıb dərhal 3 qəpiyindən keçən müəllim sevinə bilmir. Hələlik bu 3 qəpik məsələsinə qayıdacağıq. 8117-ə müraciət edən müəllimə dərhal cavab gəlir. Cavabda yazılır ki, göndərdiyiniz sorğu doğru deyil. Abonent zənn edir ki, hansısa sözü və ya göndərilmə ünvanını doğru yazmayıb. Təkrar sms yollayanda yenə eyni cavabı yazır. Bundan sonra isə bir qədər araşdırma aparmaq məcburiyyətində qalan zavalı müəllim bankın 117 xidmətinə telefon edir. Danışıq isə pulludur. Zəng edildiyi andan bankın sualları başlayır, «Azərbaycan dili üçün 1» «İngilis dili üçün 2», «rus dili üçünsə 3 düyməsini basın». Müştəri düymələrdən birini seçir. Daha sonra yenə sual verilir «daxili nömrəni bilirsinizsə yığın, əks halda sizi operatorla birləşdirəcəyik». Yenə də zavalı müəllimin balansından silinən pul hesabına bir musiqi qoyulur. Təxminən 1 dəqiqə müsiqi «dinləməli» olan müəllimə operator cavab verir və elə o anda da məlum olur ki, müəllim 8117-ə sms yazmamışdan öncə bankdan «müəllim kartı»nı götürməlidir. İndi isə qayıdaq 3 qəpik məsələsinə: Banka 8117-ə sms yollayan, 117-ə zəng edən müəllim xeyli vəsait ödəmiş olur. Əgər nəzərə alsaq ki, ölkədə 300 min nəfərə yaxın müəllim var o zaman bu qəpiklərin bir gün ərzində ən azı müəllimlərin yarısının hesabına nə qədər etdiyini hesablamaq çətin deyil. 100 min müəllim x 0.10 qəpik = 10 000 manat. Biz bu riyazi hesablama ilə ən kiçik rəqəmləri götürdük və bank bir gündə təkcə yarımçıq reklam hesabına 10 min manat pul qazanır. Amma bankın müştərilərinə, xüsusilə də müəllimlərə etdiyi həqarət bununla da bitmir. Əgər bankdan kredit götürmək istəyən müəllimin yaşı 59+1-dirsə, bank ona kredit vermir. Yəni 60 yaşında olan və ondan yüxarı müəllimlərə kredit verilmir. Tutaq ki, Unibank-ın şərtlərinə görə, bu belədir. Amma axı Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən müəllimlər 65 yaşdan sonra təqaüdə yollanırlar. Deməli Unibank müəllimlər üçün ən yuxarı yaş həddini 60 götürür ki, bu da redaksiyamıza müraciət edən müəllimlərin kütləvi narazılıqları ilə müşayyət olunur. Sonucda isə məlumunuz olsun ki, iş yerindən arayış aparıb, şəxsiyyət vəsiqəsi ilə banka müraciət edən hər müəllimə də kredit götürmək nəsib olmur. Bu barədə isə növbəti yazımızda. Bizi izləyin!
Sorğu
Yeni dizaynımız necədir?