Bu gün 2012-2013-cü dərs ilnin son günü, orta məktəblərdə “Son zəng”dir. Təhsil Nazirliyindən bildirilib ki, 2012-2013-cü tədris ilində ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216.734 nəfərdir.
Bu göstəricidə IX sinif şagirdlərinin sayı 125.250 nəfər, XI sinif şagirdlərinin sayı isə 91.484 nəfər təşkil edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX və XI siniflərini bitirən şagirdlərin sayı 49321 nəfərdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, cari dərs ilində IX sinif üzrə təhsilini başa vuran şagirdlərin sayı 28321, XI sinfi bitirən məzunların sayı isə 21000 nəfərdir.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012/2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı 26.137 nəfərdir.
Məlumatda bildirilir ki, nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10.399 nəfər təşkil edir.
Bakı Şəhər Baş Polis İdarəsi hər il olduğu kimi, bu il də “Son zəng” tədbirlərilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
Bu gün bütün orta məktəblərdə “Son zəng” tədbirləri saat 10:00-dan başlayacaq, üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Bununla bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar da verilib.
Bildirilib ki, “Son zəng”lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?