İcra başçısı Ceyhun Cəfərov bütün gəlirli sahələri ələ keçirmək üçün fəaliyyətə başlayıb Tərtərin icra başçısı Ceyhun Cəfərovun başı bəladadır. Buna səbəb isə onun bəzi işlər görməsi və ən əsası isə 600 min manatın aqibəti ilə bağlı üzləşdiyi vəziyyətdir. Bundan başqa, rayonda daş karxanaları ilə də bağlı qalmaqal yaşanır. Artıq durumun kifayət qədər kritik olduğuna dair məlumatlar var. 600 min manat hara yoxa çıxıb? Qeyd edək ki, 2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən Ceyhun Cəfərovun karyerası təhlükəli nöqtəyə qədəm qoyub. Bu barədə məlumatı rayondakı qaynaqlar verib. Mötəbər mənbənin söylədiklərindən belə aydın olur ki, son zamanlar rayondakı korrupsiyai və rüşvət halları ilə bağlı, xüsusən də rayon təhsil idarəsində və Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsində baş verən qanunsuzluqlarla əlaqədar bir sıra dövlət qurumlarına ardıcıl təşkil olunan kampramat xarakterli şikayət məktubları, nəhayətdə Ceyhun Cəfərov üçün başağrısına çevrilib. Mənbə bildirir ki, rəqibləri Ceyhun Cəfərovun fəaliyyəti barəsində «yuxarılarda» mənfi rəy yarada bildiklərindən hətta onun vəzifəsindən alınması məsələsi də gündəmə gəlib: «Doğrudur, o, vəzifəsində yenidir. Amma Şəkinin keçmiş icra başçısı da görəv başında heç bir ilini tamamlaya bilmədi». Mənbəmiz bildirir ki, konkret olaraq icra başçısının adı təxminən 600 min manatlıq büdcə pulunun yoxa çıxmasında hallandırılır. Həmin vəsaitin bir hissəsi isə rayon təhsil idarəsinin iştirakı ilə mənimsənilib. Hər halda, bir il ərzində bu qədər vəsaiti ələ keçirməyin özü də böyük fərasət tələb edir. Tərtərdə karxana qalmaqalı böyüyür Amma problem təkcə bununla bağlı deyil. Həmçinin rayonda daş karxanaları ilə də bağlı qalmaqal baş qaldırıb. Hələ bir müddət əvvəl deputat Cavid Qurbanovun Tərtərdə şəhid qəbirlərinin yaxınlığında karxana tikdirməsinin rayonda ciddi narazılıqla qarşılanıb. Bu narazılığı 40-a yaxın rayon sakini göndərdikləri müraciətdə də bildirmişdilər. Belə ki, Tərtər çayının üzərindən keçən strateji əhəmiyyətli körpünün yaxınlığındakı şəhər qəbiristanlığının ərazisində daş-qum karxanasının tikintisinə başlanılıb. Hazırda tikilməkdə olan karxana qəbiristanlığın şəhid qəbirləri olan hissəsinə yaxındır. Dünən rayondakı mənbələrdən aldığımız məlumata görə, karxananın tikintisi ilə bağlı yaxınlığında yerləşən binada yaşayan kəlbəcərli məcburi köçkünləri də oradan çıxartmaq istəyirlər. Məlumata görə, Tərtər rayon torpaq şöbəsinin müdiri Elman Hüseynov köçkünlərlə söhbətdə həmin karxananı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tikdirildiyini deyib. Mənbənin dediyinə görə, bundan sonra məcburi köçkünlər məsələ ilə bağlı Kəmaləddin Heydərova müraciət ediblər. Amma hələlik onlara cavab verilməyib. Qaynaq dedi ki, köçkünlər məsələ ilə əlaqədar Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun qəbuluna düşə bilmirlər: “Həmin ərazidə karxana tikilməsi üçün icra başçısı Ceyhun Cəfərovun sərəncam verdiyi bildirilir. Əgər icra başçısı belə bir sərəncam imzalayıbsa, səlahiyyətlərini aşıb. Çünki karxana tikilən ərazi ”Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsusdur“. Mənbə əlavə etdi ki, həmin karxananın tikintisini ”Azəryolservis"in Bakı şəhəri 1 saylı Yol-Tikinti İdarəsinin Saleh adlı müdiri ilə də bağlayırlar. Onun kürd əsilli olduğu bildirilir. Qeyd edək ki, rayon sakinləri Tərtər şəhərinin təxminən 50-60 metrliyində tikilən daş-qum karxanasının çayın yatağının daha münasib ərazisinə köçürülməsi barədə Ceyhun Cəfərova müraciət ediblər. Onların arasında şəhid ailələri də var. Müraciət edənlər karxananın qəbirüstü abidələrin silkələnərək dağıdılmasına səbəb olacağını göstəriblər. Müraciətdə həmçinin qeyd edilib ki, karxana Həzi Aslanov küçəsində yaşayan 150-yə yaxın evin 100-200 metrliyində tikilir ki, bu da sakinlərin narahatçılığına səbəb olub. Müraciət müəllifləri icra başçısından karxananın tikintisinin daha uyğun yerdə aparılmasına qərar verməyini xahiş ediblər. Amma müraciətlərin heç bir nəticəsi olmayıb. Sakinlər bu məsələ ilə bağlı Tərtərin deputatı Sahib Alıyevə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova və nəqliyyat naziri Ziya Məmmədova da müraciət etsələr də, xeyri olmayıb. Samir
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?