Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam verib.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:
1. 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2013-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2013-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün".
Sorğu
Yeni dizaynımız necədir?