Sabiq deputatın qardaşı işdən çıxarıldı; onu “Susma!” əsərinə görə susdurmaq istəyirlər: “Sonadək millətimin yanında olacam, Vətənimin rifahı, azadlığı və firavanlığı üçün əlimdən gələni əsirgəməyəcəm”
“Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev bu günlərdə “Susma!” adlı yeni əsər yazıb. İyunun 3-də həmin əsər internet mediada yayıldı. Əsər son illər ölkəmizdə baş verən haqsızlıqlara, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına, demokratik prinsiplərin kobudcasına tapdanmasına qarşı etiraz olaraq qələmə alınıb. Klipdə son illər Fəvvarələr bağında keçirilən aksiyalardakı görüntülərdən istifadə olunub. Həmçinin 2003-cü ilin 16 oktyabrında Azadlıq meydanında seçki saxtakarlığına etiraz edən insanların polislər tərəfindən vəhşicəsinə döyülməsi səhnələrinə də yer verilib. Marş janrında olan əsərdə xalq haqsızlığa qarşı mübarizəyə çağırılır.
Bu əsər yayılandan bir gün sonra Hüseyn Abdullayevin ailə üzvlərinə qarşı təzyiqlər başlayıb. Bu haqda H.Abdullayev özü musavat.com-a eksklüziv açıqlamasında bildirib. Sabiq millət vəkili həmçinin musavat com-a bununla bağlı yazılı müraciət yollayıb. O, müraciətində xalqa xitab edərək deyir: “Əziz və çox dəyərli xalqım. Sizə bildirməliyəm ki, dünəndən başlayaraq bu günkü hakimiyyət mənə və ailə üzvlərimə qarşı çirkin şəkildə bir hədə-qorxu və təhdid kampaniyasına start verib. Belə ki, artıq mənim qardaşım Azər Abdullayev əsassız olaraq işdən çıxarılıb və mənim keçmiş biznes fəaliyyətimi yoxlayıb buna qondarma bir cinayət donu geyindirməyə çalışırlar. Bütün bunlar mənim yaradıcılığımla, son günlər yazdığım “Susma” əsəri ilə bağlıdır. Xalqımı ona qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə biganə qalmamağa çağırdığım üçün hakimiyyət mənə və ailə üzvlərimə qarşı bu cür cılız təzyiq üsulundan istifadə edir. Mən bu iqtidara bildirmək istəyirəm ki, belə metodlarla məni heç bir vaxt öz haqlı mövqeyimdən və əqidəmdən döndərməyə nail olmayacaqlar! Mənə qarşı hansı təzyiq formalarını tətbiq etsələr, yenə də bu gün postmodern diktatura rejimində əzab-əziyyət çəkən Azərbaycan xalqının mövqeyindən çıxış edəcəm. Sonadək millətimin yanında olacam, Vətənimin rifahı, azadlığı və firavanlığı üçün əlimdən gələni əsirgəməyəcəm.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?