Toydan çıxmış qonaqlar taksi sürücüsünü möhkəm döyüb
Bakının Nizami rayonu, Babək prospektindəki şadlıq evlərindən birinin qarşısında kütləvi dava baş verib. Hadisə zamanı həmin şadlıq evində keçirilən toyda iştirak edən qonaqların bir neçəsi ilə restoranın qarşısında dayanan taksi sürücüləri arasında mübahisə yaranıb. Sözlə başlayan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Hadisə zamanı taksi sürücüsü Babayev Mehdi Teymur oğlu toy iştirakçıları tərəfindən vəhşicəsinə döyülüb. Mehdi onu döyən şəxslərin əlindən canını qurtarmaq üçün şəxsi BMW markalı avtomaşını ilə hadisə yerindən uzaqlaşmağa cəhd etsə də, bu alınmayıb.
Nizami rayon DYPŞ-nin qəzalar üzrə baş inspektoru Müştəba Həmidov bildirib ki, zərərçəkmiş maşını ilə qaçan zaman VAZ markalı iki maşını vurub. Qeyd edək ki, taksi sürücüləri ilə mübahisə edən şəxslər polislər hadisə yerinə gələnə qədər ərazidən yayına biliblər. Hadisə zamanı döyülən Mehdi Babayevin isə polislər tərəfindən izahatı alınıb. Nizami rayon polis idarəsinin 23-cü polis bölməsindən verilən məlumata görə, hazırda kütləvi davanın iştirakçılarının şəxsiyyəti araşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?