Azercell-in təşəbbüsü ilə reallaşan Elm və Texnologiya Sahibkarlığı Proqramı (STEP) uğurla davam edir. Layihə çərçivəsində iyunun 6-7-də Xəzər Universitetində keçirilən seminar həm də Barama Innovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən həyata keçirildi.
İki günlük tədbirdə növbəti “Startup Boot Camp ” yarımfinal mərhələsinə vəsiqə qazanan layihələrin təqdimatı və iştirakçılar üçün təlimlər keçirilib. Tədbirdə ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun nümayəndələri, həmçinin ABŞ-dan olan müstəqil ekspertlər informasiya texnologiyaları sahəsinə aid müxtəlif hesabatlarla çıxış edib, öz təcrübələrini bölüşüblər.
Məlumat üçün bildirək ki, STEP-in birinci mərhələsində 58 layihə qəbul edilib. Təqdim olunan biznes təşəbbüslərinin əksəriyyəti informasiya texnologiyaları, 15-i mobil texnologiyalar və 6-sı yaşıl texnologiya sahəsinə aid olub. Tədbir sonunda yerli və xarici münsiflərin dəyərləndirməsi əsasında ən yaxşı 6 startup müəllifi ABŞ-da 2 həftəlik biznes təlimlərində iştirak etmək imkanı qazanıblar. Qalib gələn layihələr bunlardır: Dilarə Rüstəmzadənin “Kamerton” layihəsi, Azər Əliyevin “AziKus” layihəsi, Aynur Əmrahovanın “Günəş panelləri” layihəsi, Anar Rüstəmovun “Ağıllı Təhlükəsiz Ev” layihəsi, Şaiq Muradovun “Socset” layihəsi və Rəhman Məmmədlinin “NeWo” layihəsi.
Proqram çərçivəsində bütün iştirakçılar üçün bu cür seminar və təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərin məqsədi iştirakçılara öz ideyalarının reallaşmasında yardım göstərmək, o cümlədən onların biznes strategiyası haqqında biliklərini artırmaqdır. Bu ilin dekabrında baş tutacaq yekun mərhələdə seçilmiş komandalar artıq öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcək. Qaliblərə 1 ədəd 10 000 ABŞ dolları, bir ədəd 7 500 ABŞ Dolları olmaqla və 1 ədəd 5 000 dollar dəyərində qrantların təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, Elm və Texnologiya Sahibkarlığı Proqramının məqsədi Azərbaycanda sahibkarlıq mədəniyyətini təşviq etmək, ölkədə texnologiya sahəsindəki sahibkarlığı dəstəkləməkdən ibarətdir. Layihə çərçivəsində iştirakçılar informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekolojı) texnologiyalar sahəsində özlərinin biznes ideyalarını təqdim edərək qrant qazanmaq və öz biznesini qurmaq imkanı əldə edirlər.
Azercell Telekom MMC gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradıb. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?