Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə nazirliyin ümumi şöbəsinin müdiri Xəyyam Fərəcov tutduğu vəzifədən azad edilib. Xəyyam Fərəcov açıqlamasında faktı təsdiqləyib və bildirib ki, işdən öz ərizəsi ilə azad olunub. Onun sözlərinə görə, bir həftə öncə nazirliyin ümumi şöbəsinin müdiri vəzifəsindən azad olunub və təhsil nazirinin digər əmri ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin kadrlar şöbəsinə aparıcı məsləhətçi təyin edilib. Xəyyam Fərəcovun adı Təhsil Nazirliyinin yeni hazırlanan “Telefon soraqçası”ndan da çıxarılıb.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsində təyin olunduqdan sonra nazirlikdə bir sıra kadr dəyişiklikləri edilib. Bu vaxta kimi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva, təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov, Aparat rəhbəri İlham Pirməmmədov tutduqları vəzifədən azad olunublar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?