Goranboyun Sarov kəndində qəbirlər dağıdılıb. Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboy rayonunun Sarov kəndinin qəbiristanlığında gözlənilməz hadisə qeydə alınıb. Belə ki, adıçəkilən kənddə yaşayan Quliyevlər ailəsinə məxsus 4 qəbir dağıdılıb. Hadisənin ötən gün baş verdiyi ehtimal edilir.
Goranboy rayonunun Sarov kəndində yaşayan Quliyevlər ailəsinin üzvləri adət-ənənəyə uyğun olaraq cümə günü öz ölülərini ziyarət etmək məqsədilə kənd qəbristanlığına gedib. Qəbristanlıqdakı mənzərə isə onlar üçün gözlənilməz olub.
Belə ki, Quliyevlər ailəsinin əzizlərinin uyuduqları 4 qəbir kimlərsə tərəfindən dağıdılıb, baş-daşlarına xəsarət yetirilib, şəkillər zədələnib. Mövcud vəziyyətlə bağlı olaraq polisə və yerli icra orqanlarına müraciət edilib. Qəbir sahiblərindən biri olan Rəşad Qarayev bu hərəkətin arxasında kimlərin dayandığını və bunun nə səbəbdən edildiyini anlamır.
Sarov kənd sakini Rəşad Qarayev: “Qəbirlər bibimin, qardaşımın, nənəmin və atamındır. Bilmirik ki, kim edib. Elə bir şəxsi münaqişəmiz də yoxdur, kənddə bir-iki adamla münasibətlərimiz normal deyil, onlardan da belə bir hərəkət gözləmirəm”.
Saroy kənd sakinləri belə bir halın kənd qəbristanlığında baş verməsinə ilk dəfə şahidi olduqlarını bildiriblər.
“Burada birinci dəfədir ki, bu kimi hal qeydə alınıb. Mənim 46 yaşım var, bu günə kimi bizim qəbiristanlıqda belə şey görünməyib. O vaxtlar kimsə ərazidən mis, alminium oğurlayıb yığardı belə şeylər eşidərdim. Ancaq kiminsə qəbrini dağıtmaq görməmişdim”.
Ərazidə araşdırma aparan Goranboy rayon Polis Şəbəsinin əməkdaşları isə qəbirlərin dağıdılmasına Quliyevlər ailəsi ilə münaqişədə olan kimlərinsə səbəb ola biləcəyi ehtimalı üzərində işləyir.
Qeyd edək ki, Goranboy rayonunun Sarov kəndinin qəbiristanlığında baş verən vandalizim aktı kənd sakinləri ilə yanaşı polisin də təəccübünə səbəb olub. İnsanlığa sığmayan bu hərəkətin kim tərəfindən və niyə törədildiyini isə hazırda polis araşdırır.
Sorğu
Yeni dizaynımız necədir?