DİA.AZ: - Tanınmış tarixçi Kərəm Məmmədli bu günlərdə Rusiyada təşkil olunan elmi konfransa qatılıb. Qeyd edək ki, “Yaxın Orta Şərqdə və Cənubi Qafqazda etnik konfliktlər və onların həll edilmə yolları” adlı elmi konfransı MDB institutu təşkil edib. Kərəm müəllimin həmin konfransdakı çıxışının oxucular üçün də maraqlı olacağını zənn edərək, diqqətinizə təqdim edirik:
“Xanımlar və cənablar!
İlk növbədə bu konfransı təşkil edən MDB institutuna öz təşəkkürümü bildirirəm. Çünki indi Rusiya Federasiyası tərkibinə daxil olan Dərbəndi nəzərə almasaq, son dəfə Rusiyada Sankt Peterburq Universitetini bitirdikdən sonra 23 il idi ki, olmurdum. Burada çıxış edənlər Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan Respublikasında köçlərlə bağlı danışarkən bir faktı unutdular ki, ölkəmizdə 300 min azərbaycanlı Ermənistandan, 1 milyona yaxın isə Qarabağ və ona bitişik bölgələrdən üçüncü tərəfin köməyilə erməni hərbi birləşmələri tərəfindən didərgin salınmış əhali məskunlaşmışdır. Hazırda Azərbaycan Respublikası əhalisinin hər 8 nəfərindən biri qaçqın və ya məcburi köçkündür. Buraya Gürcüstanda Qamsaxurdiya rejiminin hakimiyyəti illərində Azərbaycan Respublikasına sığınmış azərbaycanlıları da əlavə etsək, bu rəqəm daha da böyüyər.
Azərbaycan Respublikasının əsas problemlərindən biri budur ki, indiki Ermənistan ərazisindən 3-cü ölkənin köməyilə zorla qovulmuş azərbaycanlılar istisna olunmaqla, qalan sərhəddi boyu azərbaycanlılar yaşayırlar. Ölkəmizin şimal-şərqindəki Dərbənd bölgəsində 200 minə yaxın, şimal-qərbindəki tarixi Borçali mahalının şimalında 500 minə yaxın, cənub-qərbində Türkiyə cümhuriyyətinin İğdır-Qars-Ərzurum-Ərdahan və digər bölgələrində 4 milyona yaxın, cənubunda isə İran İslam Respublikasının şərqi və qərbi Azərbaycan, Qəzvin, Ərdəbil və digər ostanlıqlarında 50 milyona yaxın azərbaycanlı yaşayır. Ən qəribəsi budur ki Azərbaycan Respublikasından kənarda yaşayan azərbaycanlılar Azərbaycan əhalisindən 6 dəfə çoxdur.
Azərbaycanlılar təkcə Cənubi Qafqazdakı deyil, ümumiyyətlə yaxın və orta Şərqdəki - İraq və Suriyadakı konfliktlərdən də əzab çəkirlər. Mosul, Kərkük və Telafarda ABŞ işğalı zamanı soydaşlarımız məşəqqətli həyat yaşadılar. İndi Suriyada baş verən konflikt də ölkəmizə ikili zərbə vurur :
1. Suriyadan köçürülən ermənilər işğal altında olan Azərbaycan Respublikası ərazisinə yerləşdirilir.
2. Öncə İsrail tərəfindən Colan təpələrindən qaçqın salınan soydaşlarımız indi də Şamdakı, hər bir azərbaycanlı üçün əziz olan Hələbdə qırğınlara məruz qalırlar. Onların Suriyadakı sayları 2 milyona yaxındır.
Digər bir konflikt ocağı isə - ABŞ-İran qarşıdurması doktor Ruhaninin İran prezidenti seçilməsindən sonra şükür ki, hələ qismən səngimişdir. Qeyd edək ki 1979-1989-cu illərdən fərqli olaraq indi müstəqil dövlətin vətəndaşı olan azərbaycanlılar Xudanəkərda Təbrizin, Urmunun, Sulduzun, Ərdəbilin və bizim üçün əziz olan 100-lərlə Azərbaycan şəhərlərinin bombalanmasına etinasız qala bilməzlər.
Bölgədəki konfliktlərin "ssenari müəllifləri" və "rejissorları" unutmasınlar ki bu cür faciə onların da qapılarını döyə bilər. Bu xüsusilə tərkibində 20-yə qədər muxtar dövlət statusunda olan respublikaların cəmləşdiyi Rusiya Federasiyası üçün ibrətamizdir”.
Sorğu
Yeni dizaynımız necədir?