Daha bir neçə min nəfərin sənədləri hazırlanır Rusiyanın Federal Miqrasiya Xidməti bu ilin əvvəlindən ölkədən 200 minə yaxın miqrantın deportasiya olunduğunu açıqlayıb. Federal Miqrasiya Xidmətinin təmsilçisinə istinadən xəbərə görə, deportasiya olunanlar arasında Özbəkistan vətəndaşları liderlik edir.
Belə ki, Rusiyaya girişi qadağan edilənlərin 41 faizi bu respublikanın vətəndaşlarıdır. Deportasiya olunanların 21 faizinin Tacikistan, 9 faizinin Qırğızıstan vətəndaşları olduğu açıqlanıb. Azərbaycan vətəndaşları isə deportasiya olunanların 6 faizini (12 min nəfər) təşkil edib.
Mənbə deyib ki, FMX-in sərəncamında daha 120 min miqrantın deportasiya olunmasına dair materiallar var və onların sənədləri hazırlanır. Deportasiyanı gözləyənlərin bir neçə mini Azərbaycan vətəndaşlarıdır. “İndiki qanunvericiliyə görə, 300 min əcnəbi Rusiya ərazisinə daxil ola bilməz”- deyə mənbə bildirib.
FMX-in xarici vətəndaşlarla iş departamentinin rəhbəri Dmitri Demidenko isə bildirib ki, ümumiyyətlə 3 milyona yaxın əcnəbi risk qrupundadır. Yəni onların barəsində deportasiya qərarı çıxarıla bilər. Çünki bu qrupa daxil edilənlərin Rusiyada qalmaq müddətləri başa çatıb və sənədləri qaydasında deyil.
“Yaxın perspektivdə həmin şəxslərin Rusiya ərazisinə daxil olması qadağan ediləcək” - deyə Demidenko bildirib.
Rusiyada bu həftə qüvvəyə minən qanuna görə, əgər miqrantın barəsində üç il ərzində iki və daha çox inzibati cəza qərarı verilibsə, onların ölkə ərazisindən xaric olunması haqda qərar verilməlidir. Həmçinin Rusiya qanunvericiliyinə görə, vergiləri və cərimələri ödəməkdən boyun qaçıranlar da ölkədən deportasiya olunacaq. Xatırladaq ki, Rusiyada bir neçə həftədir miqrantlara qarşı kütləvi reydlər keçirilir və minlərlə miqrant saxlanılıb. Onların bir hissəsi deportasiya edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?