II çağırış Milli Məclisin bir qrup deputatı hökumət tərəfindən onlara vəd olunan mənzilləri hələ də ala bilməyiblər. Üstündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq eks-deputatların ev problemləri ilə nə maraqlanan var, nə də onlara kömək əli uzadan.
Sabiq deputatlar bu dəfə kömək üçün Milli Məclisdən kömək istəyiblər. II çağırış parlamentin üzvü olmuş Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də illərdir ev gözləyən sabiqlərdəndir. Açıqlamasında Ə.Nuriyev Milli Məclisdən kömək gözlədiyini bildirib. Dəfələrlə bu məsələni qaldırdığını deyən keçmiş deputatın sözlərinə görə, 10 ildir onlara köməklik edən yoxdur:
“Bu məsələ hələ də həll olunmayıb, açıq qalmaqdadır. Mənim eşitdiyim qədər evin tikilməsi ilə başqa bir şirkət məşğul olur. İllərdir bizim haqqımız olan evlərimiz verilmir, nə də bununla maraqlanan da var. Nə az, nə çox düz 10 ildir. Ümid edirəm ki, Milli Məclis bu məsələyə diqqətlə yanaşıb, bu problemin həlli istiqamətində müvafiq addımlar atacaq. Milli Məclisdə bu barədə ətraflı məlumata malikdirlər, müəyyən işlər görməyə çalışırlar”-deyə Ə.Nuriyev bildirib. Milli Məclisin sabiq üzvü, Kommunist Partiyasının sədri Rauf Qurbanov ev alacağına inanmadığını deyib:
“Artıq geriyə yol qoymayıblar. Əliməmməd Nuriyevlə də əlaqə saxladıq, bildirdik ki, yaxın günlərə sabiq deputatlar bir yerə toplaşaraq yekun qərarımızı verək. Nə vaxta kimi yalan vədlər eşidəcəyik? Hər şeyin bir sonu olduğu kimi, bunun da bir yekunu olmalıdır. Bu baxımdan əlimizdən gələni edəcəyik”-deyə eks-deputat Modern.az-a bildirib.
Sabiq deputatlar deyirlər ki, tikintiyə məsul KAT LTD şirkəti məsuliyyətdən yayınmaqla məşğuldur.
Xatırladaq ki, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb. O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?