İyulun 5-də Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun şikayətinə baxılıb. Məlumatı “Media forum”a vəkil Cavad Cavadlı verib.
Vəkil deyib ki, apellyasiya şikayəti Nərimanov Rayon Məhkəməsinin Taleh Bağırovun həbs müddətinin daha bir ay uzadılması haqda qərarından verilib.
Qapalı məhkəmə iclasında Taleh Bağırov özü də iştirak edib: “Söz Taleh Bağırova veriləndə bildirdi ki, bu gün cümə günüdür. Məsciddə moizə söyləməyə imkanı olmadığı üçün məhkəmədə cümə xütbəsi söyləyəcək. On beş dəqiqəyə yaxın hakimlərə moizə elədi. Bildirdi ki, dindarları narkotiklə şərləyib həbs etmək şərəfsizlikdir: “Biz özümüzü azad insan hiss edirik. Zindanda olan sizlərsiniz. Sizin müstəqil qərar qəbul etməyə gücünüz yoxdur”. Hakimlər ona diqqətlə qulaq asdılar, amma sonda bizim gözlədiyimiz qərarı verdilər. Yəni apellyasiya şikayəti təmin olunmadı”.
Taleh Bağırov martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.
Sorğu
Yeni dizaynımız necədir?