Bismilləhir-Rahmənir-Rahim! Mübarək Ramazan ayının ərəfəsindəyik.
Allah Təalanın inayəti ilə bu ayın qonağı olma imkanından bəhrələnmə fürsəti əmələ gəlmişdir.
Mübarək Ramazan ayını dərk etmək üçün duaların fövqəl əhəmiyyəti vardır. Bu duaların arasında İmam Museyi-Kazımdan (ə) gələn bir dua var. Bu duanın Ramazan ayının 1-də oxunması tövsiyə olunur. Duanın içində olan nöqtələr müxtəlif istiqamətlidir. Amma bir hissəsi vardır ki, hər birimizin halına, durumuna, vəziyyətinə, xüsusi olaraq, çox fayda verə bilər.
Birinci günü hansı dua ilə başlamaq?
Duanın ümumi məzmunu, mübarək “Kumeyl” duasına da çox yaxındır. Hər ikisində ümumi və oxşar nöqtələr var. Duanın bağlanğıcında Allah Təalanın mübarək xüsusiyyətləri, sifətləri xatırlanaraq Rəbbdən istənilmələr gəlir. İmam Museyi-Kazımdan (ə) gələn duada belə bir məqama, mərhələyə çatılır ki, orada Allah Təalaya müraciət olunur: “Allahım, bu mübarək ayının ilk günündə Səndən istəyimiz budur ki, nemətlərin dəyişməsinə səbəb olan günahlarımızı bağışlayasan”. Yəni, bəndə iqrar edir ki, nöqsanları, çatışmazlıqları var ki. Bunlar Rəbbin bəndə üçün ayırdığı nemətlərin dəyişməsinə səbəb olub. Əməllərimiz Allah Təalanın ayırdığı nemətlərdən məhrum olmağa səbəb ola bilir. İndi mübarək Ramazan ayının birinci gününün qonağı ev yiyəsinə müraciət edir. Biz bir qonağıq və Rəbbimiz də ev yiyəsidir. Allahdan istəyirik ki, Onun bizlər üçün ayırdığı nemətlərin dəyişməsinə səbəb olmuş günahlarımızı bağışlasın.
Əziz Məsumlar (ə) mübarək Ramazan ayında bizlərə bu ayı necə başlamağı öyrədir. Bu gündə bağışlanma, tövbələrimizin qəbul olunma imkanı var. Növbənöv, müxtəlif günahlarımız var. Bu duada həmin günahlar xatırlanır və Allahdan onların bağışlanması dilənir.
Cəza və pis aqibətdən qurtulmaq
Duanın sonrakı hissəsində Rəbbimizdən istəyirik: “Allahım, bizlərin o günahlarını bağışla ki, onların səbəbindən bizlərə Sənin cəzan, günahlarımızın səbəb olduğu pis aqiblətlər gələr”. Yəni, Allahım, biz iqrar edirik ki, bir nöqsanlar etmişik, səhvlər etmişik, onlar pis vəziyyətə düşməmizə səbəb olub. Səni and veririk böyüklüyünə ki, Ramazan ayının ilk günündə bizim pis aqibətimizə gətirib çıxaran günahlarımızı bağışlayasan.
Duanın ardında gəlir: “Allahım, bir günahlar etmişik ki, onlar ümidimizin qət olmasına, ümidsizləşməmizə səbəb olub”. Bəndənin daxilində davamlı olaraq Allaha ümid olmalıdır. Çünki, Allahın rəhməti o qədər genişdir ki, insan günah etsə də, İlahi rəhmət o günahı üstələyər. Təbii ki, əgər bəndə səmimi bağışlanma istəsə, səmimi tövbə etsə. Amma, duadan aydın olur ki, bəzi günahlar var, onlar bir nəticələrə gətirir ki, insan o günahları etdikdə, Allahın dərgahında ümidini itirmiş olur. Mübarək Ramazan ayının ilk günündə əziz İmamımızdan (ə) buyurulan bu duada bizlər Allahdan həmin günahlarımızın bağışlanmasını istəyirik. Yəni, ümidli olmaq istəyirik. İstəyirik, ümidimsizləşməmizə səbəb olan amilləri aradan aparaq.
Ardınca duada buyurulur: “Allahım, düşmənlərimizi oyadan günahlarımızı bağışla”. Bəli, bəzi günahlarımız var ki, onlar düşmənlərimizin güclənməsinə səbəb olub. Allahdan onların da bağışlanmasını istəyirik.
Buyurulur: “Allahım, bəzi günahlarımız var ki, onlar duanın rədd edilməsinə, duaların qaytarılmasına, duaların qəbul olunmamasına səbəb olur, onları bağışla”. Bəzən biz istəyirik, amma qəbul olunmur, geri qayıdır, onlara diqqət yetirilmir. O cür olmasına səbəb bizlərin günahlarıdır. Allahım, Səndən istəyirik ki, dualarımızın qəbul olunmamasına səbəb olan günahlarımızı bağışlayasan. Allahım, əgər Sən bağışlamasan, bizlər bu ayda nə hala düşərik?! Mübarək Ramazan ayının oruclusu Allahdan ayın ilk günündə bunu da istəyir.
“Onların bağışlanmasını diləyirik...”
Duanın ardında qeyd olunur: “Allahım, bəzi günahlarımız var ki, bizlərə bəlanın gəlməsinə səbəb olub, onları bağışla”. Bir səbəblər var ki, üzərimizə bəla nəticələrini gətirər. Allahdan üzərimizə bəlanın enməsinə səbəb olan günahların bağışlanmasını istəyirik.
“Bəzi günahlarımız var ki, Allahın göyündə olan yağış rəhmətinin qarşısını alır. Onların bağışlanmasını diləyirik”.
“Allahım, bəzi günahlarımız var ki, onlar bizim nöqsanlarımızın üzərində olan pərdənin aradan aparılmasına səbəb olar. Həmin günahlarımızın bağışlanmasını diləyirik”. Allahım, Sən eybləri örtənsən. Amma bəzən insan bir əməllər edər ki, onlar pis işlərin üzərində olan pərdəninin götürülməsinə səbəb olar. İnsanın abrı gedər. İnsan pis əməllər edəndə də, Sən qoymazsan onlar aşkara çıxa. Allahım, Ramazan ayının ilk günündə o günahlarımız üçün tövbə edirik.
“Allahım, bir günahlarımız var ki, onlar bizim məhvimizi surətləndirir. Allahım, səndən o günahlarımızın bağışlanmasını istəyirik”. Ardınca duada buyurulur: “Allahım, Səndən o günahlarımızın bağışlanmasını istəyirik ki, onlar peşmançılığımıza səbəb olub. Allahım, bizim günahlarımız var ki, ismət pərdəmizi yırtıb-dağıdıb, onların bağışlanmasını diləyirik”. Duada keçən bu nöqtələr, bu günahlar üçün bağışlanma istəyir bəndə. Ramazan ayının verdiyi immunitet
Qurani-Kərimin mübarək “Bəqərə” surəsinin 183-cü ayəsində Rəbbimiz bizlər üçün İlahi ziyafətinə dəvətinin mahiyyətinə, içində olan çalarlara, o dəvətin fəlsəfəsinə toxunur.
Bizlər həmin dəvəti qəbul edənlərik. Onun dəvətini qəbul edən - İlahi ziyafətin qonağıdır. O, dəvət edib və bizlərə də inəyət edib ki, həmin dəvəti qəbul edə bilmişik. Ayədə buyurulur: “Ey iman gətirənlər, sizlərə (mübarək Ramazan ayında) oruc vacib qərar verildi, necə ki, sizdən öncəkilərə də vacib qərar verilmişdi. Ola bilsin ki, təqvalı olasınız”. Yəni, Rəbbimiz buyurur, ey mömin, ey möminə, mən səni bir İlahi ziyafətə dəvət edirəm. Bu ilahi qonaqlıqda bir nöqtələr var ki, əgər onlara riayət eləsən, nəticədə gəlib təqvaya çatmış olarsan. Bu ilahi ziyafətdə ilin başqa vaxtlarında halal olan məsələlərdən də belə, özümüz iradəvi olaraq çəkinirik. İlin başqa vaxtı su içmək halaldır. Lakin, biz gəlirik, ilahi ziyafətin qonağı kimi yay vaxtında sudan imtina edirik. Allah Təala deyir, gəl Mənim qonağım ol, bu müddətdə görəcəksən ki, nə qədər güclüsən. Hətta o qədər güclüsən ki, iradən ola bilər Allahın halal buyurduqlarından imtina edərsən. Axı günün 17-18 saatında halallardan imtina edən, ilin başqa vaxtlarında haramlardan necə də rahatlıqla imtina edər! Yəni, Rəbbimiz bizə öyrədir ki, əgər bunu etsək, ilin on bir ayında insan kimi yaşamağı öyrənə bilərik, heyvaniyyətdən yuxarı qalxa bilərik. Axı heyvan nə görür - istəyir, nə verirlər - istəyir, əli çatmayanı da istəyir. Amma insan bir varlıqdır ki, əgər insaniyyətə çatsa, öz istəklərini nəzarətə ala bilər. Və söhbət tək maddi istəklərdən getmir. Söhbət bütün varlığımızın, vücudumuzun xüsusi duruma gəlməsindən gedir.
“Məşğulluq” sindromu - iblisin (lən) proqramıdır
Mübarər Ramazan ayının orucu - tək sudan, yeməkdən imtinanın orucu deyil. Ramazan ayının orucu – gözlərin də orucudur. O gözlər ki, şeytan (lən) ilboyu ona cürbəcür təqdimatlar edir – televizorla təqdim edir, küçələrdə təqdim edir, evlərimizin içərilərinə girərək təqdim edir. Öncəki əsrlərdə insan heç olmasa evinin içərisində özünün müəyyən mənada mühafizəsini qura bilirdi, amma indi öz əli ilə aldığı texnologiyalar ilə ona haram təqdimatlar edir. O yerə çatır ki, bütün bunlar insan üçün adiləşir. Şeytan (lən) açıq-aşkar gəlib özünü təqdim etsə, insan onu qəbul etməz. Amma, açıq-aşkar gəlmir, dolayısı yollarla gəlir. Bir maraqlı kino olur, onun içərisində, onun fasilələrində, reklamlarında fəsad gəlir. İmanlı insan bunlara öyrəşməməlidir. İlin 11 ayı şeytan (lən) nə qədər bacarırsa, insanı o yana-bu yana çapdırır. Gözümüzə, qulağımıza öz məhsullarını verir, yedizdirir, doyuzdurur. Bundan əmələ gələn məhsullar nə olacaq?!
Bir çox hallarda deyirik ki, halmız yoxdur. Necə halımız olsun ki, bütün günü şeytanın (lən) təqdim etdiyi məhsulları qəbul edirik? Bunları qəbul edəndə, bizdən şeytan (lən) məhsulları əmələ gələcək. Qeybət edəcəyik, sui-zənn edəcəyik, namazda halımız olmayacaq, sileyh-rəhmə halımız olmayacaq, yaxşı işlərə vaxtımız olmayacaq. Vaxt necə çatdırasan ki, iblis (lən) bir vəziyyət yaradıb – sən hər an məşğulsan. “Məşğulluq” sindromu – iblisin (lən) effektiv proqramıdır. Hər şeyə o qədər əlvan rənglər verib ki, insanın “vaxtı yoxdur”. İnsanın özünə ayırmağa vaxtı yoxdur. Mübarək Ramazan ayında şeytanın (lən) əli-qolu bağlanıb. Lakin, bu aya qədər artıq şeytan (lən) öz işlərini də görüb.
11 ayın “hazırlıqları”ndan qurtulmaq
Öz məmləkətimizə bir nəzər salaq. Səhər, axşam, gecə, sübh – ğina, fəsad. Səhərdən axşamadək hər yerdən şeytanın (lən) təqdimatları üzərimizə gəlir. Küçələrdə gəlir, reklamlarda gəlir, digər insanlar vasitəsilə gəlir. Bu məmləkətə Ramazan ayı gəlir, lakin, küçələrdə bir dənə də olsun “Ramazan ayınız mübarək”, “Allahı xatırla!”, “İlahi aya daxil oldun” şüarlarına rast gəlinmir. Amma, içkiyə, günaha, Allahı unutmaqlığa dəvət – harada baxırsansa, var. Televizorlar da elə o haldadır. Az qalır, mübarək Ramazan ayının özünə aid olan məsələləri də ğina formatında təqdim etsinlər. Şeytan (lən) burada da zirəklik edir. O, 11 ayda bir oyunlar çıxarıb ki, elədiyi hoqqaların təsiri zəncirli formada bir il boyunca toplumda öz əksini tapır. Hələ o lənətliyin əli-qolu bağlı olanda belə bir vəziyyətdir. Gör əli-qolu açıq olarsa, nə olar?! Ayın çıxması ilə bağlı şeytan (lən) oyunlar yaradır. Toplumu, milləti çaşqınlıqda qoyurlar. Bunlar hamısı şeytanın (lən!) vəsvəsəsidir. Bəzən şeytan (lən) adamı il ərzində o hala salır ki, Ramazan ayında heç oruc tutmağa tofiqatı olmur. Oruc tutmaq ləyaqət istəyir. Allahın lütfü olmalıdır ki, biz oruc tutaq.
Günümüzün qeydiyyatını aparaq
Bu ayın içərisində insan ola bilməyimiz üçün fürsət var. İmkan var ki, bu aydan Allah bəndəsi kimi çıxaq. Müfəssirlər qeyd edirlər ki, bizim günah etməyimizin iki səbəbi var – qəzəb və şəhbət. Bizim bütün günahlarımızın kökündə bu iki amil dayanır. İnsan əksər hallarda pis işləri qəzəbdən görür – qışqırır, çığırır, qeybət edir, kin saxlayır, paxıllıq edir, sui-zənn edir və s. Bir də, şəhvət insanı tərpədir və o, günah etməyə başlayır – gözünü, qulağını nəzarətdən çıxardır. Şəhvət tək cinsəl anlamda deyil, ümumən nəfsin ardınca getmək anlamındadır. İnsan elə hey istəyir. Ramazan ayında isə bu iki məsələni nəzarətə almaq üçün xüsusi imkanlar yaranır. Allah bizlər üçün bir fürsətli ab-hava yaradır ki, orada mənəvi məşq keçək, özümüzdə mənəvi hal düzəldək və güclənək. Əgər güclənəriksə, bu zaman özümüzü nəzarətə ala bilərik.
Ayla bağlı bəzi xüsusi çalarlara da diqqət edək. Həzrət Əlidən (ə) nəql edilir: “Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu: “Ey insanlar, həqiqətən, bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməllərini qəbul, dualarınız müstəcəbdir”.
Əmirəlmöminin (ə) davamında buyurur: “Mən qalxdım və ərz etdim: “Bu ayda ən yaxşı əməl nədir?”. Allahın Peyğəmbəri (s) buyurdu: “Ey Əbəl-Həsən (ə), bu ayda ən yaxşı əməl – özünü Allahın haram etdiklərindən çəkindirməkdir””.
Biz getmirik Ramazan ayına doğru. Ramazan ayıdır ki, özünü tam sürətdə bizim varlığımıza daxil edir. Diri olsaq - istifadə edə biləcəyik, ölü olsaq - istifadə edə bilməyəcəyik. Ramazan ayı bütün nuraniyyətini üzərimizə salıb. Daxilimizi düzgün qura bilsək, o nuraniyyətdən tutub istifadə edə biləcəyik. Allah ayında Allah bəyəndiyi bəndə olacayıq.
Bu ayda haramlardan xüsusilə çəkinək. Baxaq həyatımıza, həyatımızı təftiş edək. Görək harasında, hansı küncündə, hansı məqamında, hansı çalarında günahlarımız var? Yeməyimiz necədir, içməyimiz necədir, baxdığımız nədir, dinlədiyimiz nədir? Ramazan ayı – haramdan çəkinmə ayıdır. Haram olan yerdə Ramazan ayı yoxdur. Allahla öz aramızda bu ayda bir qeydiyyat kitabçamız olsun. Qeydlər aparaq – bu gün mən nə etdim, neçə dəfə günah etmək istədim, Ramazan ayının içərisində olan əməllərdən istifadə edə bildimmi? Ayın içərisində böyük nemətlər var – kim nə qədər yığa bilsə. Bizə böyük görsənən işlərimizi başqa vaxta saxlayaq. Bu ay - özümüzə aid olan bir aydır.
Ruzi bu ayda təyin olunur
Ruzi ilə bağlı da bir nöqtəyə toxunaq. Bəziləri elə bilir ki, insan ora-bura qaçanda ruzi əmələ gəlir. Dünya maraqlı bir təcrübə göstərir. Dünya təcrübəsi göstərir ki, dünyanın ən varlı insanları heç də bütün günü işləyən insanlar deyil. Allahdan uzaq olub, ruzi madiyyat qazansan da, o ruzi deyil. Ramazan ayı – ruzilər bölünən aydır. Bu ay – həm maddi, həm də mənəvi ruzilərin bölündüyü aydır. Bizim il boyu necə olacağımız indi müəyyənləşir. İmam Sadiq (ə) Ramazan ayının hilalını görən zaman, öz övladlarına tövsiyə edərdi: “Bu ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki, bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə vardır ki, o ayın əməli 1000 ayın xeyir əməllərindən yaxşıdır”.
Allahım, bizlərə günlərimizi təhlil etməyi nəsib et!
Allahım, bizlərə Ramazan ayını dərk etmək tofiqatını əta et!
Allahım, növbəti günümüzü bu günümüzdən yaxşı qərar ver. Amin!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?