Avtomobildən xarici ölkələrin aksiz markası ilə markalanmış spirtli içkilər çıxdı.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları Qusar şəhərindən Quba rayonu istiqamətində hərəkət edən "VAZ 21124" markalı nəqliyyat vasitəsinə baxış keçirmək məqsədilə onu Qusar şəhərinin çıxışında saxlayıblar.
Həmin avtomobilə baxış keçirilməsi üçün sürücü Azərbaycan vətəndaşı Rövşən Tahirov və onun yanında əyləşən Azərbaycan vətəndaşı Namiq Nəzürmətov gömrük idarəsinə dəvət olunublar.
Xaçmaz Gömrük İdarəsində hal şahidlərinin iştirakı ilə avtomaşına keçirilmiş baxış zamanı maşının yük yerindən və salonundan Rusiya Federasiyasının aksiz markası ilə markalanan 111 ədəd 0,5 litrlik "Medvejiy Uqol", 11 ədəd 1 litrlik "Medvejiy Uqol", 10 ədəd 0,75 litrlik "Stoliçnaya", 25 ədəd 0,5 litrlik və 12 ədəd 0,7 litrlik "Kazenka" və Ukrayna Respublikasına məxsus aksiz markası ilə markalanan 41 ədəd 0,5 litrlik "Nemiroff" adlı araqlar aşkar olunub.
Həmin araqların vətəndaş N.Nəzürmətova məxsus olduğu müəyyənləşdirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?