Dəlicəsinə vurulmuş 21 yaşlı gənc 41 yaşlı qadını qaçırtmaq qərarına gəlib.
Dünən axşam Sabunçu rayonunda qeyri-adi hadisə baş verib. Dəlicəsinə vurulmuş 21 yaşlı gənc oğlan sevdiyi qadını qaçırtmaq qərarına gəlib.
Ramana qəsəbəsinin “Südçülük” sovxozunda adam oğrulamq cəhdi törədilib. Daha doğrusu, 21 yaşlı yerli sakin Yəhya Əmirov 41 yaşlı Ulduz Abbasovanı qaçırmağa çalışıb. Hadisə Abbasovanın satıcı işlədiyi ərzaq mağazasının girişində baş verib.
Əmirov təxminən saat 21:15 radələrində öz avtomobili ilə mağazaya gələrək, Abbasovanın işdən çıxmasını gözləyib. Qadın mağazadan çıxıb Əmirovun maşını ilə bərabərləşən kimi gənc oğlan onu avtomobilə əyləşdirməyə çalışıb. Lakin qüvvələr qeyri-bərabər olub, həm də satıcı çəki baxımından Əmirovdan daha ağır imiş. Bundan başqa, Abbasovanın bacısı da ona köməyə gələrək, qadını ağlını itirmiş Əmirovun əlindən güclə alıb. Sonuncu isə maşına əyləşərək, hadisə yerindən uzaqlaşıb.
Qızlar o saat hadisə barədə “102” xidmətinə məlumat veriblər. Əməliyyatçılar aşiqi elə evinin qarşısında, maşından çıxarkən saxlayıblar.
İndi polislər bu Məcnunla nə etmək barədə düşünür... Abbasova isə, yəqin hələ uzun müddət qaçırılmasını xatırlayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?