Xədicə İsmayıl: “Ləyaqətsiz peşə yoxdur, ləyaqətsiz görülən iş var” Bu ilin əvvəlində Səbail Rayon Məhkəməsi tərəfindən cərimə olunan jurnalist Xədicə İsmayıl ictimai işlərə cəlb olunacaq. Mərkəzi və dalan küçələri süpürməkdən ibarət olan bu ictimai işə xanım jurnalist 220 saat vaxtını sərf etməli olacaq.
Araşdırmaçı-jurnalist Xədicə İsmayıl Səbail Rayon Məhkəməsinin təyin etdiyi 400 manat cəriməni ödəməkdən imtina etdiyinə görə ictimai işlərə cəlb olunacaq. Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərara əsasən jurnalist hər gün 4 saat olmaqla ümumilikdə 220 saat ictimai işlər görməlidir. İctimai işlər qismində isə qadın jurnalistə dalandar və ya süpürgəçi işi təklif olunub. Məlumat üçün deyək ki, dalandar arxa küçələri, süpürgəçi isə mərkəzi küçələri təmizləyir.
Araşdırmaçı-jurnalist Xədicə İsmayıl ANS-ə açıqlmasında deyib: “Onlar yəqin ki, düşünüblər ki, mən bu işdən imtina edəcəm. Bu iş mənim üçün problem yaradacaq. Əsla mənim üçün belə bir problem yoxdur. Mənim üçün ləyaqətsiz peşə yoxdur, ləyaqətsiz görülən iş var. Yəni, mən insanların küçə süpürərkən məni görməsindən qəti utanmıram”.
Onu da qeyd edək ki, məhkəmə qərarının icrasına Xədicə İsmayıl növbəti həftədən start verəcək.
Jurnalist Xədicə İsmayıl Binəqədi rayonunda qeydiyyatda olduğundan onun növbəti həftədən məhz Binəqədi rayonunun mərkəzi küçələrini süpürəcəyi dəqiqdir. Amma hansı küçələri? Bax bu hələ ki, məlum deyil, çünki bu haqda hələ də qərar verilməyib.
Belə ki, məhkəmənin qərarı olsa da, Xədicə xanımın hansı Mənzil İstismar Sahəsində çalışacağı və iş forması barədə detalları dəqiqləşdirə bilməyib. Xatırladaq ki, jurnalist Xədicə İsmayıl İsmayıllıda baş verən hadisələrdə hüquq mühafizə orqanlarının davranışına etiraz olaraq bu ilin yanvar ayında Bakıda keçirilən razılaşdırılmamış mitinqə qatıldığına görə 400 manat cərimə olunmuşdu. Həmin vaxt Xədicə xanım onun əməli barədə polisdə tərtib olunan raportun həqiqətə uyğun olmadığını və mitinqə qatılmağın onun konstitusiyon haqqı olduğunu əsas gətirərək cəriməni ödəməkdən imtina etmişdi. Onu da deyək ki, vətəndaş itaətsizliyi numayiş etdirdiyinə görə, ona təyin olunan ictimai işlərlə yanaşı, Xədicə xanımı cərimə ödəməsi hökmü də hələ də qüvvədədir.
Onu da qeyd edək ki, vətəndaş itaətsizliyi numayiş etdirdiyinə görə, Xədicə İsmayıl ona təyin olunan ictimai işlərlə yanaşı, həm də 400 manat cəriməni ödəməlidir. Bu qərar hələ də qüvvədədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?