«Srağagün axşamdan bizim zonada polis postları qurulub. Bütün maşınlar saxlanılır, sənədlər yoxlanılır, sürücülər, maşındakılar sorğu-sual olunur».
Bunu AzadlıqRadiosuna Quba rayon sakini Əli Orucov bildirib. Rayonun başqa sakinləri də rayonda bu axtarışların səbəbləri ilə bağlı onlara məlumat verilməməsindən narahatdırlar.
Quba sakini Vilayət Babayev:
«Əsasən Xaçmazda, Xaçmaz-Quba yolunda, bir də Qubada polis postları qurulub. Bizim zonada tez-tez postlar qurulur, yoxlamalar olur. Ancaq buna «sərhəd-sipər» yoxlamaları deyirlər. Sərhədə yaxın ərazi olduğuna görə, sərhədi qanunsuz keçənləri aşkar etmək üçün sənəd yoxlamaları keçirilir. Bu dəfə isə polis postları qurulub, elə bil, cinayətkar axtarılır».
Polis postları Xaçmazın Xudat şəhəri yaxınlığında da müşahidə olunur.
Qubanın polis rəisinin müavinləri AzadlıqRadiosunun suallarını cavablandırmayıblar.
Rəis müavini Rövşən Ağayev «Qubada polis postları qurulub, bu nə ilə əlaqədardır» sualına telefonu qapadıb.
Digər rəis müavini Arzu Rzayev də sualı cavablandırmadan telefonu qapadıb.
Xaçmaz polisindən isə sualı Daxili İşlər Nazirliyindən aydınlaşdırmağı məsləhət gördülər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə araşdırma apardıqdan sonra bu barədə ictimaiyyətin məlumatlandırılacağını bildirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?