GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zamana sığan – Yoxluğa gedən

Zamana sığan – Yoxluğa gedən

Tarix: 13-12-2012, 13:45 Bölmə :Ölkə Baxış: 4 036
Zamana sığan – Yoxluğa gedən

Səməddə hər zaman yeni təb var, amma onun yeni sözü, yeni mövzusu yoxdur

(Səməd Vurğunun yaradıcılığı üstə)

Şeir – duyğuların həqiqətlə görüşündən doğan ali həyat nəğməsidir. Bu nəğməni müqəddəs avazla oxuyan adam şair olur.
Şeir ömrə sevgi kimi gəlir. Bu gəliş – ilahi olanla ömrün vəhdətinə çevrilir. Göylə Yerin, Günəşlə Torpağın, Ömürlə Əbədiyyətin əlaqəsi, vəhdəti dərk olunanda ürək şeir diliylə nəğmə oxuyur. Yaranışın əzəliliyi, varlığın aliliyi şeiriyyət çağıran ülvi duyğuların qanadlarında həyatın gerçəkliyinə gözəllik gətirir. Şairin şəxsiyyəti də bu halətlə birgə qurulur. Mənəviliklə istedadın əlaqəsi qırılanda isə şeir ölü doğulur, – yaşamır və yaşanmır. Həqiqətlə bir olmayan ömürdə istedad insaniliyi izhar eləyən şeir yaza bilmir, bəzək kimi ötəri, suvenir kimi parıltılı, az ömürlü şeir yazır. İlham gəlir – amma həyatın gözəlliyi dərk olunmur. İlham gəlir – ötəridən danışır, əzəlidən danışmır; keçicidən danışır, əbədidən danışmır. İlham gəlir – amma yoxluqla varlığın fərqini göstərə bilmir.

Səməddə gözəl şeiriyyət var, amma böyük şəxsiyyət yoxdur

İlham doğulur və ölür. Zamandan danışır, ona görə ölür; əbədiyyətdən danışsaydı, yaşayardı. Gerçəklikdən danışır və gerçəkliklə bir yerdə də ölür. Mahiyyətdən danışmır, Mahiyyət ölməzdir. Ölməzdən danışmaq – yaşamaq deməkdir.
Burada haqqında danışacağımız Səməd Vurğun belə bir ziddiyyətli və buna görə də fəlakətli tale yaşamış şairlərdəndir. Səməd haqqında danışanlar yalnız şeir haqqında danışıblar, şəxsiyyət haqqında danışmayıblar. Çünki Səməddə gözəl şeiriyyət var, amma böyük şəxsiyyət yoxdur. Şeiriyyətlə şəxsiyyətin vəhdəti də yoxdursa, heç bir insani, milli təsdiqdən söhbət gedə bilməz.
Zəmanə S.Vurğunda israfçılığa yol verib. Onu adiliyin, keçiciliyin, özgəçiliyin vəsfçisinə çevirib. Əlbəttə, biz demək istəmirik ki, günahkar zəmanədir. Biz deyirik ki, gözəl bir el nəğməkarı zəmanənin ağuşuna atıldı və dahi olmaq imkanlarıyla bir yerdə əriyib qeybə çəkildi. İndi o yalnız cəmiyyətin təhrif olunmuş tarixində mövcuddur. Çox qısa, ortada qırılan nəğmələrdə isə onun ilhamının gözəlliyi yaşayır, şəxsiyyəti yox.
Biz, şeiriyyəti sevənlər, Vurğunu oxuduqca ağır təəssüf duyğuları keçiririk. Necə aydın, gözəl xalq dili, pafoslu təbiilik, vəcdli poetiklik çağlayır onun qəlbində! Lakin tez də qırılır, kosmopolit xəyallarla əvəz olunur.
Şairin «Mən tələsmirəm» şeirini oxuduqca adamın ürəyi riqqətə gəlir. Çünki canlıdır, sadədir, həyata, təbiətə, təbiiliyə ehtiraslı bir pərəstiş yaradır. Yaşanan bir anın poetik sözə çevrilməsi – insanla şeiriyyətin doğmalığını təsdiq edir.

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə,
Asta addımlayıb ağır dolaşaq.
Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən!
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!


***

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın… sular boyunca
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?


Duymaq istəyi, sevmək istəyi, təmasda olmaq həsrəti. Bu, əslində yaşamaq yanğısıdır. Tükənməz arzular, sonsuz ehtiraslar yaşamaq yanğısının işığı kimi təzahür edir. Həyatın özülü, özəyi də bu istəklərdə yaşayır.
Hər yarpaq insan qəlbinin pıçıltılarına diqqət kəsiləndə, hər qaya insan vüqarıyla dostluq edəndə təbiət insaniləşir. Bu gözəllik nəğməsini yalnız poeziya dili oxuya bilir.
Bəzən isə şairin ürəyindən Günəş işığı çəkilir, duyğularının yuxulu gözlərinə gecə çökür, təbiiliyin, sadəliyin ömrü qırılır, təzə sərhəd başlayır, yollar itir və ziqzaqlı gedişlərdən gurultular qopur – «Muğan poeması»nda olduğu kimi.

Nizaminin, Füzulinin söhbətinə qulaq asdım,
Puşkinin söz rübabını öz sinəmin üstə basdım,
Mənim vahid vətənimsə, dörd hərfli SSSR-dir,
Onun böyük istiqbalı bütün dünya, bütün yerdir!


Elə bil bayaqkı Səməd getdi, başqası gəldi. Bunları birləşdirmək olmur, birləşdirəndə fəlakətə çevrilir. Ayırmaq da olmur, ayıranda təhrif olunur.

Divarlarda ad çıxarmış qəhrəmanların
Qatar-qatar əksi durur, bax iftixarla!
Döşlərində neçə orden vardır onların!
Gah Suvorov, gah Kutuzov baxır vüqarla…


(«Qəhrəmanın zəfəri», Bakı, 1986, səh.169).

Bu obrazlarda Səməd nə tapıb, nəyi təqdim edir?! Qəhrəmanlıqmı öyülür, bu qəhrəmanlığın yaratdığı nədir?..
Burada Səməd özü öz başına elə oyun açıb ki, onu hansısa bir sistem əsasında təqdim eləmək mümkün deyil. Bu səbəbdən də yorulmamaq üçün onun gurultulu, bağırtılı halətindən təcrid olub sazlı-nəğməli təbiiliyinə qayıdaq.

Laçınların göydən enməz,
Qayaların baxar dinməz,
Yaman gündə üzün dönməz, –
Pozulmaz ilqarın, dağlar!


və yaxud


Qayaları baş-başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır
Canım dağlar, gözüm dağlar!


və yaxud

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan,
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.


yaxud da

Bilərziyi ağ altundan,
Yerə düşdü göy atından.
Ala gözlər qaş altından
Süzüb axdı gülə-gülə.


Başqa bir yerdə

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu alır başımdan
Süzülüb gələndə xəyala gözlər.


Bu bəndlərdə heç bir yeni fikir kəşf olunmayıb. Lakin oxuduqca bulaq kimi qaynayıb adamın içinə süzülür. Çünki bunlar hamısı sazın nəğməsidir. Oxuduqca ürəyin sevgisində saz çalınır. Elin fitrətində olanlar Səmədin sinəsində köklənmiş saz nəğmələridir.
Səməd bunları söyləyəndə hiss eləyirsən ki, heç bir çətinlik çəkmir, ilham fitrətdən gəlir, qələm zorlanmır, duyğu gücənmir. İlahi fitrətdir! Təbiət öz gözəlliyini bu fitrətin üzünə geniş açıb. Səməddə ölməz nə varsa, ondakı ilahi fitrətin söylədiyi bu saz nəğmələrindədir.
Bütövlükdə isə Səməd Vurğun yaradıcılığı onun ölməzliyinə zəmanət vermir…


İkiləşən Tale

Səməd özü öz taleyinin fəlakətini duyur və onu dilə gətirir də. Lakin bunu deyib üstündən keçib gedir. Adama elə gəlir ki, o, «mən özüm fəlakətimi görürəm, amma bu fəlakətdən çıxmaq müşküldür» demək üçün «Unudulmuş tək məzar» şeirini yazıb. Deməli, Səməd dahi aqibəti yaşamaqdan qorxub. Qorxunun yoldaşı həqiqət şairi ola bilməz.

Fikrə getdi qəlbim bir an…
Qəbristana keşik çəkən,
Gül basdırıb ağac əkən
Dünya görmüş bir qocadan
Soruşdum ki, sən bilərsən,
Kiminkidir bu tək məzar?
Nə yazısı, nə daşı var,
Nə üstünə gəlib gedən?


Qoca bir az gülümsədi,
Sonra qəbrə baxıb dedi:
–Qafil, özün bilməyirsən?
Səninkidir o tək məzar,
Onu dövran verdi bada;
Çox danışıb az yazanlar
Unudulur bu dünyada.


……………………………..

Ağıllı söz, yaxşı şer,
yazmışammı? Varsa hanı?
Gördüm qoca doğru deyir,
Uçdu könlüm xanimanı…
Boğulduqca göz yaşıma
Dedim ömür yoldaşıma:
Qapıları tez ol bağla,
Otağı da bir az qızdır,
Sən də bil ki, təmtəraqla
Keçən günlər vəfasızdır!
Hanı qələm? Hanı kağız?
Tez ol gətir, a dildarım!
Barı gəzsin ağız-ağız
İndən belə yazdıqlarım…

(«Unudulmuş tək məzar», Bakı, 1986)


Doğru etirafdır. Bəs hanı imtina? Əcəba, səmimiyyət xatirinəmi deyilmiş etirafdır bu? Bundan sonra da o, köhnə hava çalır. Onun ən gözəl şeirləri belə, şair şəxsiyyətini təsdiq etmir. Bircə şeirində belə imtinaya yüksəlmir, mübarizə ruhu çağlamır. Şair o vaxt simalaşır ki, onun vətən nisgili, xalq nisgili yaransın. Səməddə Vətən – rus imperiyasıdır. Azərbaycan şairinin yaradıcılığında bu imperiyaya öygü başa çıxır.

Moskva! Basılmaz sənin qüdrətin,
Canlı heykəlisən əbədiyyətin!
Mənim rus qardaşım, səndəki vüqar
Nəsildən-nəsilə qalmış yadigar.
Puşkinin şeriylə ucalmısan sən.

(«Moskva», Bakı, 1986).

Bu şeir o vaxt yazılıb ki, Moskva Azərbaycanın ürəyinin yağını udmaqla qüvvətlənirdi. Və bu udmağa mane olmaq istəyən oğulları bircə-bircə torpağın altına, yaxud da sürgünə göndərirdi. Böyük ürəkli, vətən nisgili ilə yaşayan şairləri qaranlıq zirzəmilərdə edam edən, ailələri başsız qoyan imperiyanın öyücüsü idi Səməd Vurğun. Atasız böyüyən gözüyaşlı körpələrə məktəblərdə Leninə, Stalinə, Moskvaya sevgi nəğmələri öyrədilirdi. O nəğmələr ki, Səmədin diliylə söylənilmiş, qələmi ilə yazılmışdır. İmperiyaya «sədaqət¬sizliyinə» görə Cavidləri ittiham edirdi – döşü ordenli, medallı Səməd.

Nədən şerimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan?


(«Komsomol poeması», Bakı, 1986).

Gərək ölməz Cavid də Səməd kimi dilini dinc saxlayıb, başını qoruyaydı?! Gərək «Leninin kitabı», «Zamanın Bayraqdarı» yazaydı?! Səməd «Bəs mənim ölkəmin varlığı hanı?» deyəndə əslində «dörd hərfli SSRİ»-ni nəzərdə tuturdu. Hər şeyə, hər yerə, hər kəsə imperiyanın gözüylə baxırdı Səməd, burada öz gözü yox idi. Öz gözü olanlar Səmədin söyüşünə tuş olurdu.

İndi xəbər verim oxucuma mən
O «millət rəhbəri» Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: «Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!..
– Vətəni yadlara bunlar satacaq!..
– Bir dayan!
– Nə dedin?
– O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…

(«26-lar» poeması, Bakı, 1986, səh. 59).
Şair Səməd üçün Türkiyə, türk ulusu yaddır, rus imperiyası doğma!.. «Vətəni yadlara bunlar satacaq» – yəni imperiyanın qarşısına Türkiyə ilə birgə Azərbaycan çıxacaq». Bəli, əziz Səməd! Əgər Azərbaycan Türkiyəyə pənah aparsaydı, öz mənliyini təsdiq edərdi. Fəqət sizlərin «vətənsevər»liyiniz hesabına Azərbaycan öz mənliyindən əl çəkib Rusiya adlı bir yadlığın varlığını təsdiq elədi. Bu gün də dünya canavar kimi ağzını açıb Türkiyəni də, türk ulusunu da udmaq istəyir. Azərbaycan da dünyaya sənin heykəlini göstərir. Sən isə Azərbaycanı qanına qəltan eləyənləri xilaskar kimi öyürsən!..

Ağır fikirlərə dalmış Şaumyan,
Xəyalı göyləri hey yara-yara,
Əlvida söyləyir qaranlıqlara…
Onun üzündəki fırtınaya bax!
Böyük bir həsrətlə boğulmuş rəngi;
Onun baxışları alovlanaraq,
Döyünür köksündə polad ürəyi,
Böyük bir həsrətlə boğulmuş rəngi.

(«26-lar» poeması, Bakı, 1986, səh. 61).

Şaumyanların «polad ürəyi»ndə Azərbaycana, türkə qarşı kindən qaralmış qanlar axır – dünən də, bugün də. O ürək ki, minlərlə türkün qətlinə hökm vermiş, ləyaqətini alçaltmışdır. Tarix yenə təhrif olunur. Azərbaycan nəhayət ki, tarixi qüsurları, – bir ləkə kimi mənliyinə bulaşan dolaşıqları aradan qaldırmalıdır. Bu gün həm Səməd, həm də M.Ə.Rəsulzadə – bizim özümüzə münasibətimizin ziddiyyətli olduğunu sübut edirlər.
Bu ziddiyyətin səbəbi isə hünərsizlikdir.
Səmədin şeirlərinin baş qəhrəmanı Moskvadan gəlir, «SSRİ»-dən gəlir. Səmədin azadlıq carçısı olan Milli qəhrəmanı yoxdur. O, Azərbaycanı öyəndə boz tarlalarda Moskva üçün gün altında yanan qız-gəlinlərin əlini, işini öyür.

Bizim günlər belə keçir. İş ilə hünər
Şöhrət olur bu torpağın hər övladına.
Alqışlayır, salamlayır onu ürəklər,
Vətən mülkü heykəl qoyur onun adına.

(«Qəhrəmanın zəfəri», Bakı, 1986, səh. 170).

Biz yalnız iş hünəri göstərmişik və buna özgələr yiyələnib. Tarlalarda üzü Moskva üçün yanıb qaralanların döşlərində ordenlər parıldayıb. Bunun vəsfi də Səməd şeirlərinin ana xəttinə çevrilib. Səməd öz şeirlərində zəhmət adamlarından başqa Azərbaycanda Azərbaycan quran idrak, iradə tanımır, tanıtmır. Böyük Amallara yiyə durmamışıq, şeirlərimiz böyük Amallarımızı öyməyib, ona görə də Azərbaycanı paralayıblar, qamarlayıblar.
M.Ə.Rəsulzadə Azərbaycan istəyirdi, azad vətən istəyirdi, Səməd də ona xain deyirdi.
Səməddə şeiri sevmək olur, amma Azərbaycanı tanımaq olmur, çünki Səməddə Azərbaycanı tapmaq olmur. Azərbaycan Moskvavari tanınır, Moskvanın ayağı kimi öyülür. Bu cür ruhsuzluqda Azərbaycana sevgi boğazda dayanır, ürəyə çatmır.
Zamanın tələsində yazan qələm əbədiyyətin sevgisinə layiq ola bilməz.
Diqqət yetirin: M.Ə.Rəsulzadəyə «xain» deyir, amma Azərbaycanın düşmənini «Qafqazın qartalı Şaumyan belə…» deyərək öyür.
Bir yerdə «İran, Turan nə olsa da, yad torpağıdır» deyir, başqa yerdə «İnsanlığa zinət oldu bu aləmdə Lenin adı» söyləyir. Nə böyük xəta! Bizə görə, bu cür hədyan münasibət tariximizə və milli mənliyimizə qarşı acı bir kinayədir.
Səməd Vətəndən elə yazdı, elə danışdı ki, vətənsevərlər zərər çəkdi.
Biz dedik ki, şairimiz vətənin torpağını, daşını öydü, bahadırlarını öyə bilmədi. Əmək bahadırlarının obrazını yaratdı. Əmək bahadırları isə Vətənin yağıları üçün torpaq becərdi, gül bitirdi.
Vətən sonalarının gül üzləri özgələrə gül bəsləyəndə solduruldu. Səmədlər də bunu öydülər.


Səməddə hər zaman yeni təb var, amma onun yeni sözü, yeni mövzusu yoxdur

Koba
Yox, Vanya! Yaramaz arxayın olmaq!
Düşmənin gücünü hesaba almaq
Birinci şərtidir qəhrəmanlığın,
Belədir, ay xala! Sən nə deyirsən?

Qızyetər
Ehtiyat igidin yaraşığıdır!

Koba
(təkrar edir)
Ehtiyat igidin yaraşığıdır! –
El səsi ən böyük məktəbdir, dostlar!

Şaumyan
(romantik bir vəziyyətlə)
Bu səsdə dünyanın həqiqəti var!
Tarix döyüşlərə çağırır bizi.
Gərək məşəl tutaq ürəyimizi!

Məşədi bəy
(Kobaya)
Bəzən xəyallara gedir Şaumyan…

Koba
Meyvəsiz ağacdır xəyalsız insan.
Günəşsiz bir bahar saralıb solar,
Xəyalsız gələcək qaranlıq olar…
…………………………………………

Xanlar
(anasına)
Nə xeyir tapmısan sən o göylərdən?

Koba
Onun ürəyinə heç toxunma sən,
İnanmış göylərə o körpəlikdən.
Fəzalar olsa da fikri, diləyi,
Yenə də təmizdir, safdır ürəyi.

Məşədi bəy
(Qızyetərin başını sığallayaraq)
Ananın qəlbinə toxunmaq olmaz.
Ana nəfəsindən çiçək də solmaz.

Şaumyan
İnsanlıq süd əmmiş ana döşündən,
Soyuq bir məzardır anasız Vətən.
………………………………………..

Qızyetər
(dərindən köksünü ötürərək)
Taleyin zindanı kürəyimdədir,
Zalımın zənciri biləyimdədir,
Qonağın yerini soruşursunuz? –
Yarın ürəyimi, ürəyimdədir!..

(«Xanlar» dramı, Bakı, 1955).

Səmədin ilahi ilhamı necə də amansızcasına zamana baş əyir, bac verir! Ali sözü zamana təslim eləmək cəhdi şəxsiyyətin boynuna kəndir salıb qəlibə sürüyür. Səməd Zamanla dil tapdığı üçün Əbədiyyətin qarşısında dili lal olub. Dil gödək olanda şəxsiyyətin mənliyi süquta uğrayır. Şəxsiyyəti sevənlər üçün bu, nə qədər iztirablı müşahidədir! Zamanın boyalarıyla o qədər boyanıb ki, tarix onu nişan versə də, əbədiyyət onun varlığına şəhadət vermir.
Səməddə hər zaman yeni təb var, amma onun yeni sözü, yeni mövzusu yoxdur. Yeni mövzu Azadlıqdır. Azadlığı özgədən istəmək əski mövzudur, özündən istəmək – yenidir, yenilikdir. Səməddəki yeni təb Lenin obrazı yaradıb, Moskva obrazı yaradıb, Azərbaycan obrazı yaratmayıb, Moskvanı yaradanda özünü, özünkünü pozuntuya uğradıb, ləğv edib.
Səməd özü üçün sənətkar boyu yaradaraq Azərbaycanın boyuna çevrilməyib, boynuna mindirilib. Bu, bir xətadır. Bu elə bir xətadır ki, Səmədlər Azərbaycanın boynundan düşməsə, Azərbaycanın boyu görünməyəcək. Bolşevizmə gərək olanlar Azərbaycanın böyükləri elan edildilər. Bu cür elanlarla Azərbaycana səadət vermək olmaz.
Biz Azərbaycanın ruhani mahiyyətini, qədimliyindəki uca boyunu təqdim edəndə, özgələr yazırlar ki, Azərbaycanı uydurmayın, ona öz «böyükləriniz»in (Səmədlərin) gözüylə baxın, onda Azərbaycanınızın balaca olduğunu görəcəksiniz.
Bizə görə isə Azərbaycanı Səmədlərə bərabər götürmək onu anlamamaqdır, Azərbaycana qəsddir.
Səməd Zamana bərabərdir, Azərbaycan Əbədiyyətə.
Zaman onu dahi sayır, amma həqiqət onu dahi saymır. Səməd zamandan yüksəyə qalxa bilmədi, zamanın içində qaldı. Azərbaycan naminə, Həqiqət naminə bunu deməliyik. Heyf Səməd kimi istedadlı, ilhamlı şairimizdən!
Azərbaycana yeni şairlər gərəkdir, yeni şeir gərəkdir, yeni qüdrət gərəkdir ki, onu – klassiklərin ruhu ilə birləşdirsin, sabahı ilə doğmalaşdırsın!

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Soylu Atalı

Atamız Var Olsun!

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əlağa Vahidin Bağırova yazdığı şeir tapıldı

    Əlağa Vahidin Bağırova yazdığı şeir tapıldı ...

    13-12-2013, 14:44

  • 
  • "Öləndə elə ölün ki..." - Elzadan Sevgililər gününə şeir

    "Öləndə elə ölün ki..." - Elzadan ...

    14-02-2016, 13:02

  • 
  • Elzadan yeni şeir: "Qoyun olun, Qoyun olun..."

    Elzadan yeni şeir: "Qoyun olun, Qoyun ...

    7-03-2016, 13:44

  • 
  • Gülər Əhmədova oğluna şeir yazıb

    Gülər Əhmədova oğluna şeir yazıb ...

    24-12-2013, 22:26

  • 
  • "Sevişdikdən sonra şeir yazaram..."

    "Sevişdikdən sonra şeir yazaram..." ...

    28-03-2016, 12:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu