“Azərbaycan ordusu üçün nəzərdə tutulmuş ərzaq məhsullarının bəziləri hazırda paytaxtın bir çox mağazalarında satılır.
Bu məhsullar hətta iri marketlərə də ayaq açıb. Doğrudur, onlar açıq satışda deyil. Amma həmin məhsullar müxtəlif yollarla, məsələn, üzərindəki etiketlər qoparılmaqla, pozulub oxunmaz hala salınmaqla, onları daimi müştərilərə, tanışlara ucuz qiymətə təklif etməklə və s. üsullarla realizə olunur. Əsgər yeməklərini balaca məhəllə dükanlarında isə hətta açıq satışda da görmək olar”.
Bu xəbəri virtualaz.org saytına əsgər yeməklərinin satışının şahidi olmuş paytaxt sakinlərindən biri verib. O, redaksiyamıza dükanlardan aldığı bir məhsulu da təqdim edib. Bu, fotoda gördüyünüz alma cemidir. Üzərinə “Əsgər payı” sözləri yazılmış 20 qramlıq bu cemin bir qutusunun pərakəndə satış qiyməti 20 qəpikdir. Xəbərlərdən belə bəlli olur ki, dükanlar onun bir ədədini naməlum “hərbçi-ekspeditorlardan” 6-7 qəpikdən götürürlər. Qutunun üzərindəki qeydlərdən bəlli olur ki, 07.02.2013-cü ildə istehsal edilən bu məhsulun son istifadə müddəti 07.02.2015-ci ilə kimidir. Alma ceminin “Azersun Holdinq” tərəfindən istehsal olunduğu da qabın üzərində qeyd edilib...
Qaynağımız onu da əlavə etdi ki, təkcə alma cemi deyil, əsgərlər üçün nəzərdə tutulan digər məhsullar - balıq, düyü, mərci, qarabaşaq, müxtəlif çeşiddə konservlər, qatılaşdırılmış süd və s. də bu qayda ilə realizə olunur: “İri marketlərdə əsasən düyü, qarabaşaq, balıq satılır. Bu məhsulları üzərində iri, qırmızı hərflərlə “Satışı qadağandır” yazılmış qutulardan ayrı qablara boşaldıb satırlar. Özü də bu ticarət hər iki tərəfə sərfəlidir. Məsələn, dondurulmuş təzə balığın kilosu 1 manatdan marketlərə paylanır, satıcılar isə onu əhaliyə 2-2,5 manatdan satır”.
Hərbi təyinatlı bu ərzaq mallarının mülki ticarət obyektlərinə necə, hansı yollarla düşməsinə gəlincə isə mənbəmiz ehtimal edir ki, bunlar Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları üçün nəzərdə tutulmuş məhsullar ola bilər: “Şənbə-bazar günləri kursantların çoxu buraxılışda olur deyə onların ərzaq payı qalır. Mümkündür ki, kimlərsə həmin ərzaqları “kursantlar yedi” adı ilə sənədləşdirir, sonra da anbarlardan çıxarıb satdırır”.
Məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı Teymur Abdullayev virtualaz.org-a bildirdi ki, əgər doğrudan da belə hallar varsa, nazirlik onları mütləq araşdıracaq və qarşısını alacaq.
Qeyd edək ki, analoji hallar bir neçə il əvvəl də olmuşdu. Bakı mağazalarında Azərbaycan ordusu üçün nəzərdə tutulmuş Estoniya istehsalı olan konservlərin satılması halları aşkarlanmışdı. Mətbuat bu haqda yazandan sonra müvafiq qurumlar hərəkətə keçərək bu halların qarşısını almışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?