Bu gün Milli Mətbuat günüdür. Hələ 138 il əvvəl, 1875-ci il iyulun 22-də mətbuatımızın banisi Həsən bəy Zərdabinin çətinliklə nəşrinə icazə aldığı "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzeti öz ətrafında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər qabaqcıl fikirli, demokratik əqidəli maarifçiləri toplamışdı.
Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. H.Zərdabi 1906-cı ildə “Həyat” qəzetində çap etdirdiyi “Rusiyada əvvəlinci türk qəzeti” adlı məqaləsində yazmışdı: “Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin”.
Qəzetin səhifələrində yeni tipli bədii ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana və digər aktual mövzularda yazılara geniş yer verilmişdi. Xalqın mədəni səviyyəsini yüksəltmək, onu maarifləndirmək, asudə vaxtın səmərəli təşkili ilə bağlı “Əkinçi” konkret təklif və tövsiyələr verib.
“Əkinçi” qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. Həsən bəy azərbaycanlı qadınların cəmiyyətdə, ailədə öz yerlərini bilmələri üçün onların oxumasını, maariflənməsini, elmə, mədəniyyətə yiyələnməsini tövsiyə edib.
Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulmuşdur. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.
Qısa ömür sürməsinə baxmayaraq, “Əkinçi” qəzeti milli mətbuatımızın formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. “Əkinçi”nin ideyalarını daha kəsərli, daha qabarıq şəkildə təbliğ edən, məzmunu və qayəsi etibarilə onunla səsləşən “Molla Nəsrəddin” jurnalı meydana çıxıb.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar.
Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb.
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.
Milli Mətbuat günü münasibəti ilə bütün həmkarlarımızı təbrik edirik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?