XİN rəhbəri Aİ üzv ölkələrin və Şərq Tərəfdaşlıq ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılıb
Brüsseldə Avropa İttifaqı üzv ölkələrinin və Şərq Tərəfdaşlıq ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşü keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.
Toplantıya Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin vahid təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və genişlənmə, qonşuluq siyasəti üzrə komissar Ştefan Füle sədrlik edib. Tədbirdə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak edib.
Xarici işlər naziri Elmar Məmmədyarov 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib. O, Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb. Azərbaycanın Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişaf olunmasında maraqlı olduğunu bir daha bəyan edib.
Nazir, həmçinin Cənubi Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağında müstəsna rol oynayacağını qeyd edib. O, Aİ ilə viza rejiminin asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini vurğulayıb.
Nazir habelə Aİ ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini qeyd edib və Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasını təklif edib. O, həmçinin ŞT fəaliyyətində gender bərabərliyi və qadınların cəmiyyətlərdə rolunun artırılması fəaliyyət istiqamətinin inkişafı imkanlarının araşdırılmasını təklif edib.
Sorğu
Yeni dizaynımız necədir?