"Jurnalistlər bu günlərdə KİVDF-ə dəvət olunacaq və onlara mənzillərin açarları təqdim olunacaq"
"Jurnalistlərə yeni mənzillərin açarları bu günlərdə təqdim olunacaq”. Bu sözləri Movqe.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli söyləyib. V. Səfərli bildirib ki, mənzillə təmin olunan jurnalistlər bu günlərdə KİVDF-ə dəvət olunacaq və onlara mənzillərin açarları təqdim olunacaq. Fondun icraçı direktoru mənzil sahibi olan jurnalistlərə evlərin sənədlərinin isə bina dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildikdən sonra veriləcəyini söylədi. Onun sözlərinə görə, bu proses başa çatdıqdan sonra jurnalistlərə evlərin sənədlərinin verilməsinə başlanılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 146 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu” qaydalarının və Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.05.2004-cü il tarixli, 116 saylı sərəncamının tələblərinə əsasən binalarda yerləşən sahələrin mülkiyyət hüququ əsasında qeydiyyata alınması yalnız həmin binaların dövlət qəbulu komissiyası tərəfindən istismara qəbulundan sonra mümkün ola bilər. Bu komissiyanın tərkibinə isə Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinin nümayəndəsi ilə yanaşı mütləq qaydada sifarişçinin (sahibkarın), podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək vz Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin, rayon icra hakimiyyətinin və tələb olunan hallarda müvafiq təşkilatların nümayəndələri daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?