KİVDF rəhbəri birbaşa məsul olduğu layihədən xəbərsizmiş: “Bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Mənim səlahiyyətimdə deyil”
Artıq dörd il olar ki, ölkə prezidenti İlham Əliyev media işçilərinin mənzil problemini həll etmək üçün bina tikintisi ilə bağlı xüsusi sərəncam imzalayıb. Ölkənin kasıb təbəqəsi hesab olunan jurnalistlərin tikintisini 4 gözlə gözlədiyi 16 mərtəbəli, 156 mənzilli binanın tikintisi artıq başa çatıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, tikintisi başa çatan binada təmir işləri aparılır və evlər jurnalistlərə 22 İyul – Milli Mətbuat Günündə təqdim olunacaq. Üstəlik, bu yaxınlarda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə mənzillərin 3 prinsiplə veriləcəyini bildirsə də, hansı prinsiplərin rəhbər tutulacağı ilə bağlı geniş açıqlama vermədi. Sadəcə onu qeyd etməklə kifayətləndi ki, mənzil verilmə prosesi şəffaf aparılacaq. Biz də evlərin hansı jurnalistlərə, hansı prinsiplərlə, hansı quruma müraciət etməklə və nə vaxt veriləcəyi ilə bağlı məlumat almaq üçün KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə müraciət etdik. Telefona bu suallardan bezmiş bir şəkildə cavab verən Vüqar Səfərli ilə qısa müsahibəmizi təqdim edirik. - Vüqar müəllim, məlum binanın təhvil verilməsinə az qalıb. Sayı və ehtiyacı çox olan jurnalistlərin sənədləri necə qəbul ediləcək və yoxlanacaq? Sizcə, qısa müddət ərzində yoxlamanı başa çatdırmaq mümkün olacaqmı? - Bu barədə heç nə deyə bilmərəm. Mənim səlahiyyətimdə deyil. - Sizin səlahiyyətlərinizdə deyilsə, bəs kimin səlahiyyətindədir? Deyin, biz jurnalistlər də ondan soruşaq. - Bilmirəm. Amma bu yaxınlarda jurnalistlərə bununla bağlı məlumat veriləcək. - Kim verəcək? - Deyə bilmərəm. - Bəs kim deyəcək? - Bilmirəm. - Başa düşmədim, siz KİVDF-nin icraçı direktoru deyilsiniz? Bu sizin quruma tapşırılan məsələdir axı? - Xeyr, mənim işim yalnız binanı tikib təhvil verməkdir. - Siz tikinti idarəsinin rəhbərisiniz, yoxsa jurnalistlərin problemləri ilə məşğul olursunuz? - Mənə hələ ki, bu tapşırılıb. - İndi biz bu məsələni necə işıqlandıraq? -Yazın ki, jurnalistlərə bu haqda geniş məlumat veriləcək, ola bilsin mətbuat konfransı keçirilsin. - Nə vaxta gözlənilir təxminən? - Bilmirəm. - Sizcə, vaxt az deyil? Axı jurnalistlər bir-birini yaxşı tanıyır. Hamı bilir ki, kimin həqiqi mənada evi var, kimin yox. Belə gizlilik bir az şəffaflıq məsələsinə kölgə salmır? - Xeyr, niyə salır ki? Ehtiyacı olan insanlar nəzərə alınacaq və adları mətbuata açılqanacaq. - Sizcə, bu qısa müddətdə xeyli sənədi və faktları dəqiq yoxlamaq olacaq? -Niyə olmur ki.
press24.az
REDAKSİYADAN: Biz bu müsahibdən qəti və konkret nəticə əldə etməsək də, bir daha şübhələnmək olar ki, növbəti dəfə jurnalistlər adına böyük maxinasiyaya hazırlıq gedir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?