Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil edib. AzərTAc-ın məlumatına görə, prezident İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasiminə dəvəti qəbul etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib, bunun İslam dininə və milli mənəvi dəyərlərimizə yüksək ehtiramın əlaməti olduğunu söyləyib. Şeyxülislam qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirib və xalqımıza ən xoş arzularını çatdırıb.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycandakı Katolik kilsəsinin baş keşişi Vladimir Fekete ölkəmizdə dövlət ilə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu söyləyib, təbriklərini çatdırıblar.
Prezident İlham Əliyev gözəl ənənəyə çevrilən iftar mərasimini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. O, ölkədə dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?