Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaxınlaşdıqca əfv sərəncamının olub-olmayacağı barədə müzakirələr gedir. Sərəncamın olmama ehtimalları daha yüksək görünür. Buna səbəb də Əfv Komissiyasının son aylarda demək olar ki, iclaslarının keçirilməməsidir. Bundan əlavə, son illərdəki əfv sərəncamlarının adətən Novruz bayramında imzalanması nəzərə alınaraq gözlər daha çox mart ayına dikilib.
Əfv Komissiyasının üzvü Rəşad Məcid gedən müzakirələrlə bağlı “Yeni Müsavat”a bunları dedi: “Əfv Komissiyasının iclasları adətən ilin əvvəllərindən etibarən keçirilməyə başlayır. Yəqin ki, gələn aydan iclaslar başlayacaq. Əfv sərəncamı adətən son illərdə Novruz bayramında imzalanır. Mən komissiya üzvü olandan belə olub. Yəqin ki, əvvəlki illər kimi bu dəfə də əfv sərəncamı Novruz bayramı ərəfəsində olacaq”.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı da əfv sərəncamının gələn ilin martında veriləcəyini düşünür: “Əfv Komissiyası daim fəaliyyət göstərir. Buna söz ola bilməz. Əfv sərəncamının Yeni il və ya Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə imzalanacağını gözləmək doğru deyil. Hər halda, bizdə olan məlumata görə, əfv olmayacaq. Olsa-olsa Novruz bayramında olacaq. Bizim siyahılar hazırdır. Biz siyasi məhbuslarla daim maraqlanırıq. Xəstə olanların, cəzalarının böyük hissəsini çəkənlərin adlarını Əfv Komissiyasına təqdim edirik. Əfv sərəncamı imzalamaq birbaşa ölkə prezidentinin səlahiyyətindədir.
Bunu qətiyyən unutmaq olmaz. Olub ki, adi vaxtlarda da bu sərəncam verilib. Onu da deyim ki, cəzalarının üçdə birini çəkən məhbuslarla bağlı son həftələr ərzində müvafiq komissiyalar toplanır. Məqsədəuyğun şəkildə, yəni onların həbsxanadakı davranışları və digər hallar nəzərə alınaraq, azadlığa buraxılan məhbuslar olur. Mən burada sırf siyasi məhbusları nəzərdə tutmuram. Biz hər zaman deyirik ki, həbs edilənlər arasında narkotik satışı ilə məşğul olan və narkotik istifadəçisi olan şəxslər var. İstifadəçi olanları həbs etmək lazım deyil, onları müalicəyə göndərmək lazımdır. Bu da nəzərə alınıb. Onların çox vaxt həbsxanalardan çıxarılaraq müalicəyə göndərilirlər. Düşünürəm ki, bu hüquq müdafiəçilərinin uğurlu yanaşması idi və bu eşidilən yanaşma olduğu üçün eşitdilər”.
Xatırladaq ki, sonuncu əfv sərəncamı bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanıb. Həmin sərəncam 634 nəfərə şamil olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?