Qarabağ müharibəsində itkin düşmüş bir qrup hərbçinin ailə üzvləri Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyova müraciət edib. Müraciətdə deyilir:
- Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbçilərin qanunla nəzərdə tutulmuş sığorta pulunun ödənilməsində ciddi problemlər yaranıb. Bu kateqoriyadan olan ailələr 31 avqust 2009-cu ildə etiraz əlaməti olaraq Bakının Həsən Əliyev prospektini bağlamışdı. Həmin vaxt dövlət nümayəndələri bildirdi ki, qanunla nəzərdə tutulan sığorta pulu ancaq məhkəmə qaydasında verilə bilər.
İtkin ailələri Dövlət Sığorta Şirkətinə müraciət etməyə başladı. Şirkət 10 avqust 1997-ci ildə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna istinad edərək imtina cavabı verirdi. Səbəb də onu göstərirdilər ki, həmin qanun qəbul olunana qədər, yəni 1991-1994-cü illərdə hərbi xidmətə çağırılan hərbi qulluqçular sığorta olunmayıblar, olunublarsa da, iddia müddəti ötdüyü üçün varislərə sığorta pulu ödənilə bilməz.
İmtina məktubunu aldıqdan sonra hər birimiz iddia ərizələri ilə məhkəməyə müraciət etməli olduq. Binəqədi Rayon Məhkəməsi son iki-üç ildə xeyli iddianı təmin edib. İtkin ailələrinin xeyrinə çıxarılmış həmin məhkəmə qətnamələrinin hamısını Ali Məhkəmə də qüvvədə saxlayıb.
Bir müddət bundan qabaq itkin ailələrinə “qan pulu”nun məhkəmə qaydasında ödənilməsinə maneə yaratmaq üçün maliyyə naziri Samir Şərifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub göndərərək iddiaların rədd edilməsini istəyib. Görünür, Ali Məhkəmənin sədri maliyyə nazirinin bu məktubunu nəzərə almayıb. Amma son proseslər göstərir ki, cənab Samir Şərifovun məhkəmələrin işinə müdaxiləsi yenə də davam edir.
Nə qədər ki, Maliyyə Nazirliyinin müvafiq vəzifəli şəxsləri maneə yaratmırdılar, həmin məhkəmə qətnamələri icra olunurdu və bu günə qədər 40-dan çox ailəyə 11 min manat məbləğində sığorta pulu ödənilib. Son zamanlar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası, itkin ailələrinə sığorta pulunun ödənilməsi dayandırılıb. Maliyyə naziri indi öz məqsədlərinə Konstitusiya Məhkəməsi vasitəsilə çatmaq istəyir. Artıq Konstitusiya Məhkəməsi həmin işin 30 iyul 2013-cü ildə baxılmasına qərar verib. Bütün bunları nəzərə alaraq prezident İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, ombudsman Elmira Süleymanovaya və digər vəzifəli şəxslərə bir daha müraciət etdik. Eyni zamanda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə ərizə yazaraq qəbulunda olmaq istədik. Amma bildirdilər ki, burada heç bir qəbul yoxdur, gedin qərarı gözləyin.
Hörmətli Rüstəm müəllim, son ümid yerimiz sizsiniz və sizin rəhbərlik etdiyiniz Milli Şuradır. Xahiş edirik bizi qəbul edib dinləyəsiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?