“Biz şəhid ailələri, Qarabağ müharibəsi əlilləri sizə, “qanuni oğrular”a müraciət edirik. Bizim hüququmuzu bərpa edin. Öz qanunlarınızla araşdırma aparın, pulumuzu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (MQMCİ) alıb özümüzə qaytarın. Biz xırda alverlə məşğul olub çörək və dərman pulumuzu çıxarırıq”. Bu bəyanatla “Qarabağ” Əlillərinin Müdafiə Komitəsinin sədri, 1-ci qrup Qarabağ müharibəsi əlili Məğrur Bədəlsoy bu gün RATİ-nin Media Mərkəzində keçirdiyi mətbuat konfransında çıxış edib.
Onun sözlərinə görə, iyulun 18-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı Bakıxanov qəsəbəsi, Sülh və Gənclik küçələrinin kəsişməsində, 4089-cu məhəllədə “Qarabağ” Əlillərinin Müdafiə Komitəsinin üzvlərinin köşkünə gəlib satıcını qanunsuz olaraq saxlayıb, kassadan 15 min manatı aparıblar. Satıcının saxlanması barədə hər hansı sənəd təqdim edilməyib, pulun götürülməsi ilə bağlı akt tərtib olunmayıb.
Komitənin sədri Daxili İşlər Nazirliyinin “102, Baş Prokurorluğun 161, Ombudsmanın – “Qaynar xətt” xidmətlərinə zəng edib. Nəticə olmayıb. Yalnız hüquq müdafiəçisi Elçin Behbudov işə qarışdıqdan sonra satıcı azad edilib.
“Ancaq pulumuzu qaytarmırlar. Məni pulun qaytarılması adı ilə BMCMİ-yə dəvət edib 4 saat saxladılar. Orada bir neçə qaranlıq otaqda saxladılar və psixoloji təzyiqlər etdilər. Sonra isə 15 min manatın 40 faizini onlara vermək şərti ilə pulu qaytarmaq istədiklərini dedilər”, - o qeyd edib.
M.Bədəlsoy indiyədək Prezidentə, Baş prokurora, Ombudsmana müraciət etməsinə baxmayaraq, pulunu geri qaytara bilmədiyini və rüşvət istəmə ilə bağlı araşdırma aparılmadığını deyib.
Onun sözlərinə görə, BMCMİ-nin əməkdaşları əlillərin köşkünün yaxınlığındakı mağazada da eyni hərəkətləri ediblər. Həmin mağazanın təhlükəsizlik kameraları əməkdaşların hərəkətlərini qeydə alıb.
“Qarabağ” Əlillərinin Müdafiə Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edib. Komitə hüquqlarının pozulmasına etiraz olaraq avqustun 5-də “Pulumuzu verin!”, “İnsan hüquqlarına hörmət edin!”, “Korrupsiyaya yox!”, “BMCMİ-nin çekistlərinə yox!” şüarları ilə Ombudsman Aparatının və BMCMİ-nin binaları qarşısında piket keçirəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?