Xaçmaz avtovağzalında bilet tələb etdi, özünə məhkəmə qurdular... İyulun 26-da Xaçmaz rayon Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə Sərminaz Kazımzadənin məhkəməsi başa çatıb. Məhkəmə onu 10 aylıq islah işlərinə cəlb edib.
Sərminaz Kazımzadə bundan əvvəlki məhkəmə iclasında AzadlıqRadiosuna bildirib ki, bu ilin mart ayında ailəsi ilə Xaçmazdan Bakıya gələrkən Xaçmaz avtovağzalında əldə baha qiymətə satılan biletdən imtina edib. Kassadan öz qiymətinə bilet tələb edərkən dispetçerlə onun arasında mübahisə yaranıb. DİN «102» xidmətinə zəng vuraraq hadisə yerinə polis çağırıb. Tərəflər rayon polis şöbəsinə aparılıblar. Ancaq nəticədə Sərminaz Kazımzadə özü cinayət məsuliyyətinə cəlb olunub. O, Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə təqsirləndirilib.
Sərminaz Kazımzadə məhkəmədə ittihamı qəbul etməyib. Bildirib ki, Xaçmaz avtovağzalında kassadan öz qiymətinə bilet tələb edən sərnişinlər sürücülərin və dispetçerin təzyiqlərinə məruz qalır:
«Mən də həmin sərnişinlərdən biriyəm. Sadəcə, onlardan fərqli olaraq tələbimdən əl çəkmədiyimdən başqasına görk olsun deyə, özümü cinayətkar çıxartmaq istəyirlər».
İstintaqın zərərçəkmiş qismində tanıdığı dispetçer Kamranbəy Bəhlulzadə məhkəmədə verdiyi ifadəsində sərnişin tərəfindən döyüldüyünü bir daha iddia edib.
Sərminaz Kazımzadə AzadlıqRadiosuna bildirib ki, məhkəmə hökmündən apellyasiya şikayəti verəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?