Şabran rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Şabran sakini Yaşar Babayevin idarə etdiyi Lada Priyora markalı avtomobil yolun kənarında olan dərəyə yuvarlanıb. Sürücünün sözlərinə görə, qəzaya 10 YP 762 nömrə nişanlı DYP avtomobilinin onu qovması səbəb olub. Daha sonra Priyoranın qəzaya uğradığını görə yol polisi, heçnə olmamış kimi ərazidən uzaqlaşıb.Yaşar Babayev DYP əməkdaşını tanımadığını deyib. Yalnız onun zəif görmə əleyhinə optik eynək taxdığını bildirib. Hadisəni görənlər də sürücü Yaşar Babayevin dediklərini təsdiqləyib. Onlar da DYP əməkdaşının Priyoranı yoldan çıxararaq, aşırdığını qeyd ediblər. Baş vermiş qəza ilə bağlı hadisə yerində olan yol polisi inspektoru Ələsgər Mirzəyevdən məlumat almaq istəsək də, inspektor araşdırma aparıldığını deyərək əvvəl kameramıza əl atdı, sonra isə ərazidən uzaqlaşdı. Apardığımız araşdırma nəticəsində öyrəndik ki, sürücü və hadisə şahidlərinin qəza törətməkdə təqsirli bildiyi eynəkli yol polisi, inspektor Elmar Daşdəmirovdur. Hadisədə adının hallandığını deyən inspektor qəza baş verən yerin onun xidməti ərazisi olmadığını bildirib. Diqqətimizi çəkən bir məqam isə Elmar Daşdəmirovun bizi görən kimi eynəklərini çıxartması oldu.
Hər halda düzünü allah bilir. Hazırda fakt Baş Dövlət Yol Polisi İdarəsində araşdırılır. İnanırıq ki, araşdırmanın sonunda ədalət yerini tapacaq. Bir məqamı da unutmamaq gərəkdir: ədalət istəyiriksə ən əvvəl özümüz ədalətli olmalıyıq.
Sorğu
Yeni dizaynımız necədir?