“Palmali”nin təmsilçisi İbrahim Nəbioğlu: “Əksinə, biznesimizi genişləndirməyə hazırlaşırıq”
“Palmali” şirkətlər qrupu Azərbaycandakı süd zavodunun bağlanacağı və artıq zavodun istehsalı olan məhsulların bazardan yığışdırıldığı haqda xəbərləri təkzib edib. Şirkətin təmsilçisi İbrahim Nəbioğlu Türkiyənin “Doğan” agentliyinə müsahibəsində deyib ki, bu cür məlumatlar əsassızdır və onların rəqibləri tərəfindən yayılır. Xatırladaq ki, “Palmali” şirkətlər qrupunun Azərbaycandakı biznesinin sıxışdırıldığı və zavodun istehsalı olan süd məhsullarının bazardan yığışdırıldığı haqda xəbəri “Bizim yol” qəzeti yaymışdı. “Bu xəbərlər heç bir halda həqiqəti əks etdirmir və “Palmali”nin uğurlarını qəbul edə bilməyənlər tərəfindən ortaya atılır” - deyə İ.Nəbioğlu bildirib. “Palmali”nin təmsilçisi deyib ki, şirkətin prezidenti Mübariz Mənsimovun Azərbaycandakı zavodu bağlamaq niyyəti yoxdur, əksinə, fəaliyyətini genişləndirmək niyyətindədir: “Azərbaycandakı yatırımların genişləndirilməsi ilə bağlı planlar hazırlanır. İş yerlərinin açıldığı bir vaxtda fəaliyyətdə olan iş yerlərini bağlamağımız mümkün deyil. “Palsüd” zavodunda Türkiyədən yüksək ixtisaslı mütəxəssislər işləyir. Onlar yerli mütəxəssisləri də yetişdirir. Bazarda böyük paya sahibik. Bu xəbərlər çox güman ki, rəqiblərimizin oyunudur. Açıq şəkildə bəyan edirik ki, Azərbaycandakı payımızı azaltmaq yox, əksinə, artırmaq haqda fikirləşirik”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?