Nəqliyyat Nazirliyinin müfəttişlərinin rüşvət tələbi sürücülərin etirazına səbəb oldu
Avqustun 2-də Bakı-Quba yolunun Zarat postuna yaxın hissəsində “01 BM 145” dövlət nömrə nişanlı “Shaiman” markalı yük maşınının sürücüsü orijinal etiraz aksiyası keçirib. Onun bu hərəkətinə səbəb isə Nəqliyyat Nazirliyinin müfəttişlərinin onu Qubadan Zarat postuna kimi qovmaları olub. Bezən sürücü maşınını yan verərək yolu bağlayıb. Hadisə yerinə yol polisləri də gəlib. Yoldan keçən digər yük maşını sürücüləri də yoldaşlarına dəstək olmaq üçün yolun həmin hissəsində maşınlarını saxlayaraq magistral yolu tamamilə qapadıblar.
Hadisəyə şahid olan sürücülərdən birinin “Yeni Müsavat”a verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin müfəttişləri “01 BM 145” dövlət nömrə nişanlı “Shaiman” markalı yük maşınının sürücüsündən əlavə pul istəyib. Sürücü sənədlərinin qaydasında olduğunu və lisenziya ilə fəaliyyət göstərdiyini desə də, bu müfəttişləri qane etməyib. Nazirliyin əməkdaşları istədikləri məbləği verməyən sürücünü maşından düşürmək istəyiblər. Bu zaman qarşıdurma olub. Yük maşınının sürücüsü cəld tərpənərək tərəzi məntəqəsində uzaqlaşmağa çalışıb. Bunu görən müfəttişlər onu iki maşınla təqib etməyə başlayıblar. Yolda bir neçə dəfə qəzalı vəziyyət yaranıb. Sonda dözməyən yük maşınının sürücüsü etiraz əlaməti olaraq maşınını yan salaraq müfəttişlərin qanunsuz əməllərinə etiraz edib. Hadisə yerinə gələn yol polisi əməkdaşları magistral yolu açmağa çalışsa da, bu mümkün olmayıb. Arxadan gələn digər yük maşını sürücüləri orijinal etiraz aksiyasına dəstək veriblər.
Sonda Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən sürücü maşını ilə birgə Zarat postuna gətirilib, faktla bağlı araşdırmalara başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?