Məmurların prezidentin göstərişinə əməl etməməsi nəylə nəticələnəcək?
Ölkə vətəndaşlarının və yer kürəsində yaşayan hər kəsin gözü indilikdə dunyada cərəyan edən xalq üsyanlarına dikilib. Dünyada hakimiyyət başında olan diktatorların da diqqəti həmin ölkələrə yönəlib. Ölkələrində diktatura rejimləri tərəfindən əzilən bütün xalqlar, o cümlədən Azərbaycan xalqı da bu xalqların etirazını diqqətlə izləyir. Ona qələbə arzulayır və bu hadisənin işığında özünün də azad olmasının yolunu görür. Diktatura rejimlərinin zülmü altında inləyən xalqların qələbəsini arzulayan xalqların arasında Azərbaycan xalqı lap ön sırada yer almasına şübhə etmirəm. Tarixin təcrübəsi də sübut edir ki, xalqın qəzəbinə tuş gəlmiş diktatorları heç kim xilas edə bilməyib. Rüşvətxorluq və korrupsiya Azərbaycan dövlətinin bütün dayaqlarını hörümçək toru kimi sardığı reallıqdır. Bu gün Azərbaycanda qohumluq, dostluq və rüşvətxorluq münasibətləri əsasında formalaşmış hakimiyyət artıq xalqı olum - qalım dilemması qarşısında qoyub. Azərbaycanda da xalqın başını daim dərddə saxlayan, onun başının açılmasını istəməyən hakimiyyət düşünülmüş şəkildə xalqı sosial problemlər içərisində boğur. Ölkənin Ehtiyat Fondunda 30 milyard dollar pul ola - ola, sayı 1,3 milyona çatan təqaüdçülərin 80 faizi 85 manatın ümidinə qalıb! Deməli, xalqın ehtiyac içərisində boğulması hakimiyyətin strateji taktikasının əsasını təşkil edir. Heç kimə sirr deyil ki, Azərbaycanda vəzifəli, imkanlı adamların özləri, ailə üzvləri, övladları və qohum - əqrəbaları dövlət səviyyəsində həddi bilinməyən imtiyazlara malikdirlər! Ziya Məmmədov və ölkənin milyardlarını dağıdan diğər nazirlərin övladları isə dünyanı şəxsi təyyarələrlə gəzirlər. Dünyanın hər yerində təmtəraqlı villa sahibidirlər! Azərbaycan xalqının təbii sərvətləri dövlət və xalq üçün heç bir iş görməmiş, lakin rüşvətxorluqla məşğul olan ünsürlərinin əlində cəmləşib. Hakimiyyətin rüşvətxorluğa qarşı mübarizəyə başlaması barədə verdiyi komanda, imitasiya xarakterli olduğuna görə, xalqın qəzəbinin daha da coşmasına səbəb olub. Çünki xalq bu hakimiyyətin hansı xislətə malik olduğunu yaxşı bilir deyə, onun sözünə inanmır. İnamı itirmiş siyasi qüvvənin uğur qazanacağına inanmaq isə indiki halda olduqca çətindir. Hakimiyyət həbslərə və təqiblərə başlayıb. Ölkə prezidenti İlham Əliyev əyalətlərdə olarkan korrupsiyaya qarşı ciddi mübarizə aparılmasının vacibliyindən danışdı. Amma nə mərkəzdə nə də bölgələrdə məmurların rüşvət və korrupsiyadan əl çəkmə həvəsi hiss olunmur. Bunların kapital ehtirası elə bir həddə çatıb ki, dövlətin birinci şəxsinin göstərişinə belə əhəmiyyət vermirlər. Bu isə gec tez öz nəticəsini verəcək...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?