«Haramı düzündə 25 hektar ərazidə soğan əkmişdik. Oğlum Dünyamin bu sahədən 6 min kisə soğan toplamışdı. Füzuli rayon polis idarəsinin rəis müavini kisələri oğlumun əlindən aldı. Həmin vaxt ərazidə rayon prokurorunun köməkçisi də vardı. Hər kisəni 5 manatdan satdılar, 30 min pul qazandılar».
Füzuli sakini Çoban Adıgözəlov iddia edir ki, oğlunun əkib-becərdiyi məhsulun bəhrəsini rayon polis şöbəsinin rəis müavini götürüb. Rayon rəhbərliyi isə buna göz yumub. Oğlu Dünyamin Adıgözəlov etiraz olaraq Füzuli rayon polis şöbəsinin qarşısında özünü yandırıb. Ağır vəziyyətdə Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib. Adıgözəlovlar iddia edirlər ki, hadisənin üstündən 8 aya yaxın vaxt ötməsinə baxmayaraq hadisənin səbəbkarları hələ də cəzasız qalır.
KİÇİK SAHİBKAR ƏLİL OLDU
Çoban Adıgözəlov: «İstintaq orqanları elə davranırlar ki, sanki yanan insan yox, bir qatır imiş. Bir çağırıb maraqlanan yoxdur ki, ay oğlum, səni özünü yandırmağa nə vadar edib, kim vadar edib?».
Polis şöbəsi Polis şöbəsi Füzuli rayon polis şöbəsindən «Qaynar xətt»ə ilin əvvəlində Çoban Adıgözəlovun şöbənin binası qarşısında özünü yandırmasını və polislərin köməkliyi ilə xəstəxanaya çatdırıldığını təsdiqləsələr də, hadisənin polislə əlaqəli olduğunu inkar etdilər.
Füzuli rayon prokurorluğundan isə bildirildi ki, fakt üzrə Cinayət Məcəlləsinin «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə cinayət işi başlanıb. Çoxsaylı şahidlər, zərərçəkmiş tərəf və adı soğan qalmaqalında hallanan rəis müavini dindirilib. İstintaq hərəkətləri davam etdirilir.
Kiçik sahibkarlıq Adıgözəlovlara baha oturub. Dünyamin Adıgözəlov yanıq xəsarətlərindən 1-ci qrup əlilə çevrilib. Ailənin iddiasına görə, onun sağ qalması üçün xeyli miqdarda borca-xərcə düşüb, müflisləşiblər. İndi Adıgözəlovlar onlara dəymiş zərərin ödənilməsini də tələb edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?