gundemxeber.az Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adgözəlzadənin nizam-intizamın möhkəmlənməsi məqsədilə verdiyi qərar tanınmış rəqqasları ayağa qaldırdı. Əməkdar artist Qorxmaz Qurbanov açıqlamasımda M.Adgözəlzadənin bu qərarına etirazını bildirib: “Yer versinlər, gedim oynayım, qazancımın 20 deyil, 30 faizini verim. Bizə iş verən yoxdur, bunlarsa “qoz qoyub fındıq axtarırlar”. Yəqin, bunu 15-16 yaşında uşaqlar üçün deyiblər? Birincisi, bu düzgün deyil, mən gecə gedib hardasa işləyirəmsə onun heç kəsə dəxli yoxdur. O pulu alıb cibimə qoyuram. Niyə də verməliyəm? Belə bir qanun ola bilməz. Kim bunu deyirsə yalan deyir. Filarmoniyada rəqqas qalmayıb. Dedilər ki, “kimin yaşı çoxdursa burada işləyə bilməz”. Əməkdar artist Kamil Dadaşov da açıqlamasında işdən sonra gələn qazancın rəqqasın özünə aid olduğunu dedi: “Bunların hamısı pul tələsidir. İşdə tər tökürəm, konsertlərə gedirəm, nə edirəmsə bu dövlətin hesabındadır. Amma gecə nə edirəmsə qazanc da özümün olmalıdr. Bu hamısı müğənnilərin hoqqalarıdır. Onlardan alırlar, amma çoxusu da vermir. Mahnı və Rəqs Ansamblının solistlərinin hansını axtarsan toylardadır”. Rəqqas Şəhriyar Cəfərov isə Filarmoniya rəhbərliyinin öz-özlərini ifşa etdiyini deyib: “Bu hansı əmək məcəlləsində göstərilib? Mən işdən sonra min yerə gedə bilərəm. Bunun sizə nə dəxli? Deyir ki, işdən sonra qazancın 20 faizi filarmoniyanın hesabına keçirməlisən. Bəyəm filarmoniya Vergilər Nazirliyidir? Niyə? Mən gecə çörək pulu qazanıramsa, siz axı buna niyə bais olursunuz? Ümumiyyətlə, sizə niyə pul ödənməlidir? Bəyəm dövlət, eləcə də Mədəniyyət və Turizm Nazirliyi səni təmin etmir ki? Kənar qazancdan sənə niyə pul ödənməlidir? Siz onun qərarına baxın, nizam-intizamın pozulması… Yəni eybi yoxdur, nizam-intizamı pozun, amma gəlirinizdən 20 faizini bizə verin. Ya bunların restoranlarda işləməsinə tamamilə icazə vermə, ya da ki, belə absurd qərarlar vermə. Bunlar rəqs sənətində olan insanları saymırlar, sənətiçini alçaldırlar. Deyirlər ki, “sən bizim qulumuzsan, vəssalam”. Murad Adgözəlzadə onlara yüksək maaş versə, o, rəqqaslar küçələrə düşərlər? Sənin şəxsi dükanların, villaların, gözəl həyatın olar bilər, amma əlinin altında olan rəqqasların yox? Sənə 20 faizi niyə ödəməliyik? Niyə sən rəqqasın qazancının qarşısını alırsan? Elə təkcə sən gözəl yaşamalısan? Rəqsin tarixini bilsən belə deməzsən. Bizim bütün rəqslər el şənliyindən gəlib. Məkan fərq etmədən hər bir rəqqas peşəkar səviyyədə oynamalıdır. Mədəniyyət və Turizm Nazirliyinin və ansamblların məmurları rəqqaslara o qədər alçaldıcı səviyyədə baxırlar ki, onlardan istədiyi kimi istifadə etməyə çalışırlar”. Qeyd edək ki, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adğözəlzadə rəhbərlik etdiyi mədəniyyət ocağının nizam-intizamını gücləndirmək məqsədi ilə qərar verib. Qərarda bildirilib ki, bütün əməkdaşlar işdən sonra filarmoniyadan kənar hər hansı bir yerdə çıxışları ilə bağlı filarmoniya rəhbərliyini məlumatlandırmalı və bununla yanaşı hər hansı bir çıxışlarından əldə etdikləri gəlirin 20 faizini filarmoniyanın hesabına keçirməlidirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?