“Bakıda və digər yerlərdə qanunsuz aksiyaların keçirilməsinə imkan verilməyəcək.” SalamNews-un verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov Milli Şuranın Bakıda avqustun 18-də təyin etdiyi aksiyanın keçirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Milli Şura əvvəlcə “Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanun”a uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək aksiyanın keçirilməsində niyyətini, aksiyanın tarixini, saatını və məqsədini izah etməlidir. Əgər Milli Şura İcra orqanından aksiyanın keçirilməsi barədə razılıq alarsa, bu halda polis orqanları ərazidə aksiya iştirakçılarının təhlükəsizliyini qoruyacaq.
E.Zahidov, həmçinin bildirib ki, razılaşdırılmamış hər hansı bir aksiya qanunsuz hesab olunur: “Qanunsuz aksiyanın keçirilməsi isə yolverilməzdir və bunun qarşısı alınacaq. İctimai asayişi təmin edən polis əməkdaşları bu cür qanunsuz aksiyaların keçirilməsinə imkan verməyəcəklər.”
Xatırladaq ki, Milli Şuranın ötən gün keçirilən növbəti iclasında aksiya keçirmək barədə qərar qəbul olunub. Bilidirilib ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?