“Dövlət Neft Şirkətinin işçiləri arasında fəxri adlarla bağlı qalmaqal yaranıb. Stajlı və təcrübəli neftçilər arasında bununla bağlı narazılıqlar başlayıb”.
Bu barədə virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bilgi verib.
M.Qəhrəmanlı bildirib ki, sentyabrın 20-də qeyd ediləcək neftçilərin peşə bayramı - Neftçilər günü münasibətilə bir qrup neftçiyə fəxri adlar veriləcək: “Təşkilata müraciət edən neftçilər bildirirlər ki, 30-40 ildən çoxdur neft sahəsində çalışdıqları halda nədənsə əsasən rəhbər işçilərin bu sahəyə təzəcə gələn qohumları, tanışları fəxri adlar almağa namizədlər olurlar, onların adı siyahıya salınır, təcrübəli, amma arxa-dayaqsız neftçilər isə kənarda qalır”.
Təşkilat rəhbəri söyləyib ki, namizədlərin adları fəxri adlar alacaq şəxslərin siyahısına yalnız rəhbər işçilərin istək və seçimləri əsasında salınır: “Bizim təşkilata bir çox qurumlardan, xüsusilə “Bibiheybət” Neft-Qaz Çıxarma İdarəsindən narazılıq dolu müraciətlər daxil olub. Orada işləyən neftçilərin bəzilərinə “Tərəqqi” medalı, bir çoxlarına isə “Əməkdar neftçi” fəxri adı veriləcək. Neçə illər bu sahədə çalışanlar isə kənarda qalıb. Bu da narazılıq yaradır. Bu məsələdəki ayrı-seçkiliyin, qohumbazlığın qarşısı alınmalıdır. Neftçilər günü ərəfəsində kiminsə haqqının tapdalanmasina yol vermək olmaz”.
Sorğu
Yeni dizaynımız necədir?