Prezident İlham Əliyev avqustun 14-də regionlara səfəri çərçivəsində İsmayıllını içməli su ilə təchiz edəcək kəmərin açılışı mərasimində də iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident öz nitqində məmurların ünvanına sərt tənqidlər səsləndirib.
Virtualaz.org AzərTAc dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, İlham Əliyev həmin çıxışında yerli icra hakimiyyəti orqanları nümayəndələrinin bir çox hallarda öz xidməti vəzifələrinin öhdəsindən gələ bilmədiyini bildirib: “Onlar bəzən özlərini də apara bilmirlər. Özləri və yaxın qohumları insanları təhqir edir, əsəbiləşdirir, qıcıqlandırır, ağlasığmaz və yersiz hərəkətlər edirlər. Özlərini qeyri-ciddi və qeyri-təvazökar aparırlar. Belə hallarda isə əlbəttə ki, ciddi ölçülər götürülür və bundan sonra da götürüləcək. Bütün vəzifəli şəxslərin qarşısında mənim tərəfimdən qoyulan əsas tələbləri qeyd edirəm. Bir daha deyirəm ki, bu, vətənə sədaqətdir, xalqa sədaqət və xidmətdir. Hər bir vəzifəli şəxs,- o cümlədən mən özüm,- bunu bilməlidir ki, o, bu vəzifəni xalqa xidmət etmək üçün tutur. Mən bu vəzifəni yalnız xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini başa düşməlidir. Əgər ölkənin hər yerində və hər səviyyədə bu prinsiplər üstünlük təşkil etsə, ölkəmiz daha sürətlə irəli gedəcək”.
Qeyd edək ki, İlham Əliyevin məmurlara ünvanlanan tənqidi fikirlərini dünən səfər etdiyi digər rayonlarda yox, məhz İsmayıllıda səsləndirməsi təsadüfi deyil. Məmur zülmündən və məmur balalarının harınlığından bezib üsyana qalxan rayon məhz İsmayıllı olmuşdu.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun qudurğan hərəkətindən qəzəblənən camaat bu il yanvarın 23-də üsyana qalxıb nazir oğlunun maşınlarını və rayondakı otelini yandırmışdı. Həmin rayonun icra başçısı olan Nizami Ələkbərov (nazir Füzuli Ələkbərovun qardaşı) isə işindən qovulmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?