Milyonluq məhkəmə qalmaqalında Rafael Cəbrayılovun adı birinci çəkilir Milli Məclisin deputatı Rəfael Cəbrayılovun başı yenə məhkəmə çəkişməsindədir. Virtualaz.org-un əldə etdiyi məlumata görə, "Nikoil Bank"ın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının həyat yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verməsi ilə bağlı iş Ali Məhkəmədədir. İşə bu gün baxılacaq.
Xəbərə görə, bank Binəqədi Rayon Məhkəməsinə sonuncu dəfə müraciət edərək borcun ipoteka predmetinə yönəldilməsini xahiş edib. İddiaya əsasən, bank N.Bünyatova 795 min manat (indiki kursla 1 016 646 ABŞ dolları) məbləğində kredit verib. Həmçinin kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər - Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib. Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb.
Məhkəmə həmin iddianı qismən təmin edərək borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.
Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Qeyd etdiyimiz kimi, məsələyə bu gün Ali Məhkəmədə baxılacaq.
Qeyd edək ki, ölkədə bir sıra məmur və deputatlar bizneslə məşğul olsa da adətən bu işi qohumlarının, yaxınlarının adına sənədləşdirir. Deputat R.Cəbrayılovda isə vəziyyət fərqlidir. O, mətbuata verdiyi açıqlamalarda bu borc işinin özünə aidiyyəti olmadığını, bizneslə məşğul olan qohumlarına aid olduğunu söyləyib. Məhkəmə sənədləri ilə tanış olan əməkdaşımız isə orada deputatın adının birinci yazıldığının şahidi olub...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?